İstehlakçıların hüquqlarının pozulması ilə bağlı daha bir fakt qeydə alınıb.
FED.az bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Belə ki, “Viva Desserts” MMC barəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunub. Müəyyən edilib ki, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha sataraq istehlakçının aldadılmasına yol verib.
Fakt üzrə 10 aprel 2025-ci il tarixində protokol tərtib edilib. Bu əməldə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndi ilə müəyyən olunmuş hüquq pozuntusu əlamətləri müşahidə olunub.
İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, bu cür hallar – yəni malın hesabına dair istehlakçıların az miqdarda aldadılması – qanunla qadağandır və hüquqi məsuliyyət doğurur.