"Milyarder" dedikdə, hər şeydən əvvəl, gözümüz önünə bahalı avtomobillər, beşulduzlu otellər, dəbdəbəli həyat və sairə gəlir. Ancaq dünyanın məşhur milyarderləri əslində belə həyatdan tamamilə uzaqdır.
FED.az onları həyatı ilə bağlı maraqlı faktları təqdim edir:
“Facebook”un qurucusu Mark Zukerberq 30 min dollarlıq avtomobil idarə edir. Əslində Mark özünə son model “Ferrari” də ala bilər. Ancaq o, mexaniki idarəetməli, 30 min dollarlıq “Volkswagen GTI” sürməyə üstünlük verir. Üstəlik, Zukerberq Prisçilla Çanla toyunu dəbdəbəli toy məkanında deyil, evinin həyətində edib. Bal ayını isə İtaliyada “McDonald’s” da şam edərək keçirib. 2011-ci ildə aldığı evin dəyəri 7 milyon dollardır. Bunu Zukerberqin ən bahalı əmlakı adlandırmaq olar.
Uorren Baffet hələ də 1958-ci ildə 31 min 500 dollara aldığı evində yaşayır. “Berkshire Hathaway”in banisi cəmi 557 kvadrat metr ərazidə yerləşən evdə ömür sürür. O, bu evini özünün “üçüncü ən yaxşı investisiyası” adlandırır. Baffetin qonşuluğundakı bənzər ev 2015-ci ildə 2,5 milyon dollara satılıb.
Bill Qeyts qoluna 10 dollarlıq saat taxır. Ən qənaətcil milyarderlərdən sayılan Billin evində qabyuyan maşını belə yoxdur. Hər gün qabları özünün yuduğunu deyən Qeyts bununla da elektrik enerjisinə qənaət edir.
“Dish Network”un banisi Çarli Erqen hər gün işə evdə hazırlanmış yemək aparır. Bununla da əlavə xərclərdən qaçan milyarder həm də 20 il əvvəl aldığı sadə mənzilində yaşayır. Sadə həyat tərzini seçməsinin səbəbini Erqen müsahibələrinin birində belə izah etmişdi: “Mənim anam Böyük Depressiya (ABŞ-da 60-cı illərdə iqtisadi böhran) dövründə yaşayıb. Mənim qırmızı ağacdan masam olmayıb”.
Meksikanın zəngin insanı Karlos Slim Helu avtomobilini özü idarə edir. Bununla da o, şəxsi sürücüyə verəcəyi maaşa qənaət edir. Üstəlik, Karlos “Mercedes-Benz”in ən köhnə modelini istifadə edir. Adi mağazalardan geyinən milyarder 40 ildir eyni evdə yaşayır və övladlarını da həmin evdə böyüdüb.
Milyarder Cim Uolton bütün biznesini köhnə kərpic binadan idarə edir. “Walmart” supermarketlər şəbəkəsinin banisi Sem Uoltonun oğlu olan Cimin sərvəti 16 milyard dollardan çox olsa da, o, işlərini dəbdəbəli ofisdən deyil, kərpic binadan idarə edir.
“Phones 4u”nun banisi Con Kaudvell hər gün təraşını özü edir. Britaniyanın ən zəngin biznesmenlərindən olan Con eyni zamanda bahalı şərablar içmir, bahalı salonlarda vaxt keçirmir, üstəlik ucuz geyimlərə üstünlük verir.
“İnditex”in banisi “Zara” brendinin sahibi Amansio Orteqa xanımı ilə çoxmənzilli adi binada yaşayır, hər dəfə İspaniyada eyni kafeyə gedir. Dəbin yolgöstərəni sayılan Orteqo özü isə hər gün mavi jaket, ağ köynək, boz şalvar geyinir. O həm də şirkətinin işçiləri ilə birgə nahar edir.
Stenfordlu kompüter dahisi “alimmilyarder” Devid Çeriton bir paket çayı iki dəfə istifadə edir. O, bahalı restoranlara yolu düşərsə, yarım porsiyadan artıq yemək sifariş vermir. Bahalı avtomobillər əvəzinə velospied sürməyə üstünlük verir. Maşın lazım olarsa, 1986-cı ildə aldığı “Volkswagen” mikroavtobusundan istifadə edir.
Hindistanın texnologiya maqnatı Əzim Premci də sadə həyat tərzi keçirənlərdəndir. O, köhnə avtomobilini idarə edir, ekonom-klassda uçur və beşulduzlu otellər əvəzinə sadə mehmanxanalarda qalır. Premci, həmçinin, şirkətinin əməkdaşlarının tualet kağızından qənaətlə istifadəsinə nəzarət edir, otaqdan çıxarkən işığı söndürmələrini tapşırır. Milyarder bütün bunları şəxsi həyatında da tətbiq edir.