Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq məlumatların toplanılması və emalı, dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Eləcə də bax: Ermənilərin atəşi nəticəsində sahibkarlara – Milyonlarla Zərər Dəyib
FED.az xəbər verir ki, KOBİA-dan verilən məlumata görə, bunu “Qələbəyə aparan yol: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” onlayn elmi-praktik konfransda agentliyinİdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O.Məmmədov bildirib: "İlk növbədə, Sizləri KOBİA adından salamlayır və Vətən müharibəsi kimi qəbul etdiyimiz 2-ci Qarabağ müharibəsində dövlətimizin, ordumuzun və insanlarımızın birliyi və qəhrəmanlığı nəticəsində əldə etdiyimiz möhtəşəm zəfər münasibətilə hər birinizi ürəkdən təbrik edir, qazilərimizə möhkəm can sağlığı və şəhidlərimizə ALLAH-dan rəhmətlərimizi diləyirik.
Belə bir tarixi günlərdə bugün üçün aktual hesab edilən mövzu ətrafında müzakirələrin təşkil edilməsi və tədbirə dəvətinizə görə Ziyad müəllim başda olmaqla Azərbaycan İqtisadçılar İttifaqına, eləcə də Vahid müəllimə və onun rəhbərlik etdiyi Azərbaycan Auditorlar Palatasına dərin təşəkkürümü bildirirəm.
30 ilə yaxın müddətdə davam etmiş Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması ilə nəticələnən bu qələbə çoxəsrlik keçmişə malik xalqımızın yazdığı ən şanlı səhifələrdən biri olmaqla çox mühüm tarixi, siyasi və iqtisadi əhəmiyyətə malikdir. Böyük xarici güclərin maraqlarının kəsişdiyi Qafqaz regionunda, gərgin geo-siyasi şəraitdə hərbi-diplomatik qələbənin əldə edilməsi onun əhəmiyyətini və məzmununu daha da artırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilmiş güclü iqtisadi potensial, beynəlxalq siyasi arenalarda əldə edilmiş nailiyyətlər və ən əsası, yaradılmış güclü və müasir ordu Qələbənin əsasını təşkil etmişdir. Xalqımız bu şanlı Qələbəyə doğru uzun və mürəkkəb yol qət etmişdir. Bu şərəfli yol hələ ulu öndər Heydər Əliyevin 90-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra milli dövlətçiliyimizin formalaşdırılması ilə başlanılmışdır.
Bildiyiniz kimi, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının həmişə mərkəzində olmuş və ötən illər ərzində bu sahədə qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində sistemli tədbirlər həyata keçirilmişdir. Sahibkarlığın inkişafının hüquqi bazasının yaradılmasından başlayaraq, bu fəaliyyətin dəstəklənməsinin müasir təşkilati-institusional modellərinin tətbiqinə kimi həyata keçirilmiş mühüm tədbirlər nəticəsində əhəmiyyətli nəticələr qazanılmış, özəl sektor ölkənin qeyri-neft sektorunun inkişafında, məşğulluqda, xarici ticarətdə əhəmiyyətli mövqeyə yiyələnmişdir. Sahibkarların cəmiyyətimizdə rolu artmış, onlar iqtisadi islahatlar kursunun aktiv dəstəkləyici qüvvəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması dövlət başçısı tərəfindən müvafiq sahədə həyata keçirilən institusional islahatların yeni dalğası olmaqla, mövcud inkişaf çağırışlarından irəli gəlmiş və bu sahənin yeni tələblər səviyyəsinə qaldırılması, kiçik və orta biznes sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq məsələləri əhatə etmişdir.
KOBİA fəaliyyətinin ilk dövrlərindən etibarən biznes subyektləri ilə effektiv əməkdaşlıq platforması yaratmış, biznes mühitinin ətraflı diaqnostik təhlili nəticəsində əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirmiş, KOB-ların xüsusilə də regionlarda maliyyə mənbələrinə, bilik və innovasiyalara və bazarlara çıxışının dəstəklənməsi istiqamətində əməli tədbirlərə başlamış, eləcə də biznes mühitinin və sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətlərində tədbirlər görmüşdür.
Ötən dövrdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində beynəxalq nüfuzlu OECD təşkilatı tərəfindən KOB Siyasəti İndeksi üzrə əməkdaşlıq genişləndirilmiş, KOB-ların fəaliyyətinin stimullaşdırılması üçün əlavə vergi güzəştləri və imtiyazları tətbiq edilmiş, müxtəlif çeşiddə biznesə dəstək proqramlarının icrasına başlanılmışdır. Belə ki, regionlarda sahibkarlar üçün təlim və məsləhət xidmətlərinin təmin edilməsi məqsədilə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində regional KOB İnkişaf Mərkəzləri fəaliyyətə başlamış, Xaçmaz şəhərində isə sahibkarlar üçün dövlət xidmətlərinin və zəruri biznes xidmətlərin vahid məkanda göstərilməsinə imkan yaradan ilk KOB Evi istifadəyə verilmiş və hazırda bu xidmətlərin ölkəmizin digər regionları üzrə təşkil ediləmsi istiqamətində işlər aparılır. Eyni zamanda, KOB-ların bazarlara çıxışının genişləndirilməsi üçün daxili bazar araşdırmaları, eləcə də, KOB-larda elm və texnologiyaların son nəticələrinin tətbiqinin təmin edilməsi üçün dövlət dəstəyi proqramlarının həyata keçirilməsinə başlanılmışdır.
Lakin bu gün olduqca dinamik bir mühitdə yaşayırıq və baş verən dəyişikliklərə, yaranmış yeni iqtisadi reallıqlara çevik reaksiyanın verilməsi olduqca vacibdir. İlk növbədə, qeyd etmək istərdim ki, COVİD 19 pandemiyası və onun səbəb olduğu təsirlər malik olduğumuz strateji fəaliyyət gündəliyinə yeni elementlərin daxil edilməsini labüd etdi. Belə ki, KOB-ların rəqəmsallaşdırılması və yaşıl iqtisadiyyat yeni inkişaf istiqamətləri kimi müəyyən edilərək beynəlxalq təşkilatların ekspertləri ilə birlikdə müvafiq istiqamətdə işlərə başlanılmışdır.
Eyni zamanda, 2-ci Qarabağ müharibəsində əldə edilən qələbə və torpaqlarımızın işğaldan azad edilməsi də iqtisadi bloka daxil olan bütün dövlət qurumları qarşısında yeni vəzifələr gətirməklə yanaşı, ölkəmizdə bizneslərin inkişaf üçün yeni mənbələr açmış oldu. Hamımız üçün bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında Qarabağdan keçməklə quru nəqliyyat dəhlizinin yaradılması təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun iqtisadi konyukturası üçün mühüm dəyişiklik və yenilik olacaqdır.
KOBİA müharibənin ilk günlərindən həm ermənilərin hərbi təxribatı barədə reallıqların xarici tərəfdaş təşkilat və qurumlar vasitəsilə beynəlxalq ictimaiyyətə obyektiv çatdırılması, həm də sahibkarlara vurulan zərərin əhatə dairəsinin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində müvafiq işlər aparmışdır. Belə ki, Agentliyə Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-dən atıq sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olmuşdur. Müraciətlər əsasən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonları daxil olmaqla, ölkənin 9 şəhər və rayonunu əhatə etmişdir. Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq məlumatların toplanılması və emalı, dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Paralel olaraq, işğaldan azad edilmiş ərazilərdə biznesin inkişaf etdirilməsi məqsədilə kompleks tədbirlər üzrə təkliflərin hazırlanması istiqamətində də işlər aparılır. Qarabağ regionunda müvafiq zəruri infrastrukturun formalaşdırılması, əlverişli biznes mühitinin yaradılması, biznesin maliyyələşməsi imkanlarının təmin edilməsi, biznesə dəstək mexanizmlərinin tətbiq edilməsi və s. ilkin mərhələdə iqtisadiyyatın yenidən qurulması üçün qarşıda duran əsas prioritet vəzifələr hesab oluna bilər.
Qarabağ ərazisi üzrə imtiyazlı biznes (vergi) rejiminin və kommunal subsidiyaların tətbiq edilməsi bu ərazidə yeni sahibkarlıq subyektlərinin yaradılmasına, o cümlədən sahibkarların bu ərazilərə cəlb edilməsi baxımından faydalı ola bilər. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması və bərpa edilməsi istiqmatində məqsədli fondun yaradılması mümkünlüyü də nəzərdən keçirilə bilər. Beynəlxalq imic baxımından önəmli ola biləcək belə yanaşma, eyni zamanda, həmin ərazilərdə həyata keçirilə biləcək potensial dövlət-özəl tərəfdaşlığı layihələrində investorlar üçün cəlbediciliyini artırmaq məqsədilə dövlət tərəfindən iştirak payı məqsədilə də istifadə edilə bilər.
KOBİA olaraq işğaldan azad edilmiş ərazilər üzrə bizneslərin dövlət xidmətlərinə, təlimlərə və biznes konsultasiyalara çıxışının təmin edilməsi məqsədilə KOB İnkişaf Mərkəzi və KOB Evinin Regional Mərkəzinin, eləcə də regionun bütün rayonlarında KOB Dostu şəbəkələrinin fəaliyyətlərinin təmin edilməsi gələcək planlarımız çərçivəsində nəzərdən keçiriləcəkdir. Həmçinin, KOBİA-nın təsis etdiyi BİRGƏ təşkilatı vasitəsilə işğaldan azad edilmiş ərazilərdə potensial sosial sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və eləcə də, mikro və kiçik bizneslərin qurulmasına dəstək məqsədilə birdəfəlik qrant proqramının və digər güzəştli maliyyələşmə mexanizmlərinin hazırlanması istiqamətində təkliflər nəzərdən keçiriləcəkdir.
Yekun olaraq, bildirmək istərdim ki, Qarabağ regionunda qısa və orta müddət perspektivində iqtisadi inkişaf və sahibkarlıq fəaliyyətinin bərpa edilməsi istiqamətində dövlət tərəfindən həyata keçiriləcək genişhəcmli tədbirlər nəticəsində Qarabağ regionun yenidən dirçəlməsinə, regionun iqtisadi potensialının ölkənin iqtisadi gücündə özünəməxsus yerini tutmasına və dünyada tanınacaq yeni Qarabağ brendinin formalaşdırılmasına imkan yaradacaqdır. Ümidvaram ki, bugünkü tədbirdə səsləndirilən dəyərli fikirlər və təkliflər Qarabağ regionu üçün geniş inkişaf planının hazırlanmasına öz töhfəsini verəcəkdir.
Diqqətiniz üçün təşəkkür edirəm".