Səudiyyə Ərəbistanı sərmayədarlarının Azərbaycana investisiya marağı əsasən üç sahəyə-enerji, kənd təsərrüfatı və turizmə yönəlib.
İlham Əliyev ərəb iş adamlarını qəbul edib
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, bu istiqamətlər hər iki ölkə arasında mövcud əməkdaşlıq çərçivəsində əhəmiyyətli investisiya və biznes imkanları təqdim edir. Xüsusilə bərpa olunan enerji, eləcə də kənd təsərrüfatı və turizm sahələrində həyata keçirilən layihələr Səudiyyə Ərəbistanı investorları üçün cəlbedici hesab olunur.
2023-cü ilin may ayında Şuşada keçirilmiş Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ikinci iclasında azad olunmuş ərazilərdəki investisiya imkanları Səudiyyə Ərəbistanının nümayəndə heyətinə təqdim edilib. Bu təqdimat sözügedən ərazilərdə həyata keçirilə biləcək layihələrə Səudiyyə sərmayədarlarının marağının formalaşmasında əhəmiyyətli rol oynayıb. Şuranın 5-ci iclasının 70 nəfərlik iştirakçı tərkibi ilə ölkəmizin turizm obyektlərindən birində keçirilməsi, Azərbaycanın turizm potensialının geniş auditoriyaya tanıdılması üçün mühüm bir fürsət yaradıb.
"Yaşıl enerji" və "ağıllı kənd" kimi təşəbbüslərə Səudiyyə Ərəbistanı şirkətləri də maraq göstərir. 2024-cü ilin 9 sentyabr tarixində KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçirilmiş “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans çərçivəsində Agenlik və “ACWA Power” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumdan irəli gələrək kiçik fermer təsərrüfatlarına dəstək məqsədilə Xızı və Qobustanda yerləşən təsərrüfatlarda günəş panelləri quraşdırılıb. Bu layihə fermerlərə aşağı karbon emissiyalı və innovativ, həmçinin yerli şəraitə uyğun enerji əldə etməyə imkan verir. Layihə həmçinin, yerli fermerləri ekologiyanın dostuna çevirib. KOBİA və “ACWA Power” arasında əməkdaşlığın qarşıdakı illərdə daha çox KOB-un yaşıl enerjiyə keçidinə dəstək olacağına inanırıq", - deyə məlumatda qeyd olunub.
2022-ci il dekabrın 19-da Bakıda Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası çərçivəsində KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş imzalanıb. Şuraya Azərbaycan tərəfdən KOBİA sədrlik edir. (Report)