Xəbər verildiyi kimi, bu gün Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb.
Eləcə də bax: Ərəblər Azərbaycanda elektrik stansiyası tikəcək - MÜQAVİLƏLƏR İMZALANDI
Müqavilələri Azərbaycan tərəfindən Energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin İdarə heyətinin sədri Mohammad Abunayyan və “Masdar” şirkətinin İcraçı direktoru Mohammed Jameel Al Ramahi imzalayıb.
Müqaviləyə əsasən, ərəblər ölkəmizdə bərpa olunan enerji stansiyaları inşa edəcəklər. Hələlik stansiyaların dəqiq yer məlum deyil, bununla bağlı təkliflər hazırlanıb və yaxın günlərdə ölkə rəhbərliyinə təqdim ediləcək.
Müqaviləyə əsasən, «Masdar» şirkəti, 200 MVt-lıq günəş layihəsini, «ACWA Power» şirkəti isə 240 MVt gücündə külək layihəsini həyata keçirəcək. Bu stansiyalar ildə təxminən 1,4 mlrd. kvt·st elektrik enerjisi istehsal edəcəklər.
Nazirlikdən bildirilib ki, pilot layihələrinin həyata keçirinləsi üçün ümumilikdə 9 beynəlxalq enerji şirkəti ilə danışıqlar aparılıb. «ACWA Power» və «Masdar» şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib.
Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib ki, hər iki layihə üzrə ölkəyə ümumilikdə 370 milyon dollar vəsait yatırılacaq. Bunun 250 milyon dollarını «ACWA Power» şirkəti, 120 milyon dolları isə «Masdar» şirkəti yatıracaq. Bu son illərdə Azərbaycanın qeyri-neft sektoruna yatırılan ən böyük investisiya layihələrindən biridir.
Qeyd edək ki, pilot layihələrdə hasil edilən enerjini dövlət alaraq ümumi enerji şəbəkəsinə ötürəcək. Bu mənada investorların həmin enerjini dövlətə hansı tariflə satacağı məsələsi önəmi məqamdır. Hətta bəzi ölkələrdə hökumətlər alternativ enerji sənayesini stimullaşdırmaq üçün bu sahədəki enerjini daha baha qiymətə almağa da razılaşırlar.
Amma Energetika Nazirliyindən verilən məlumata görə, ərəb investorları ilə danışıqlar zamanı tariflərin Azərbaycandakı mövcud tariflərdən artıq olmaması razılaşdırılıb.
“ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8 000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. “Masdar” şirkəti isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4 000 MVt həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 mlrd. ABŞ dolları məbləğində investisiya qoyuluşu həyata keçirib.