Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, iclas zamanı Dünya Bankı Qrupunun “Business Ready” layihəsi çərçivəsində “Bazar rəqabəti” indikatoru üzrə müvafiq sahədə təkmilləşdirmələr və kommunikasiya tədbirlərinə dair 2026-cı il üçün təsdiqlənmiş Yol Xəritəsinin I yarımil üzrə hesabatı, habelə cari dövr ərzində görülmüş işlər müzakirə olunub.
İclasda Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev çıxış ediblər.
Çıxışlar zamanı müvafiq Yol Xəritəsində cari ilin II yarımilində qarşıda duran əsas hədəflər və görüləcək tədbirlər barədə məlumat verilib. Həmçinin prioritet istiqamətlər üzrə institusional əməkdaşlığın gücləndirilməsi və effektiv kommunikasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.
Həmçinin cari ildə işçi qrupun fəaliyyəti çərçivəsində görülən işlərlə bağlı hesabat xarakterli təqdimat nümayiş etdirilib, Rəqabət Məcəlləsinin biznes mühitinin səmərələliliyinin artırılmasında rolu vurğulanıb, rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar, eləcə də“Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoruna dair icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.
Bundan əlavə, sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakını təşviq edən qanunvericilik müddəaları, o cümlədən satınalmaların rəqəmsallaşdırılmasının effektivliyindən bəhs olunub.
Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb.













