Bakı sakini Zamiq İbrahimov əməkdaşı olduğu “Şirin MMC” qənnadı fabrikində əmək haqqını tam olaraq ala bilmədiyi üçün redaksiyamıza müraciət edib.
FED.az xəbər verir ki, şikayətçi “qafqazinfo”ya bildirib ki, işə daxil olan zaman əmək haqqı olaraq müəyyən məbləğ danışılsa da, daha sonra hər ay maaşından tutulmalar olduğunu görüb:
“2020-ci ilin mart ayında Şirin MMC şirkətində supervayzer kimi işə dəvət edildim. Müqavilədə rəsmi əmək haqqım 1300 AZN göstərilsə də, hər ay maaşımdan 200 manat tutulurdu. İyun ayında isə hesabıma 836 AZN köçürüldüyünü gördüm.
Məndən başqa, tabeçiliyimdə olan satış nümayəndələri və merçandayzerlərin də maaşlarından müxtəlif məbləğlərdə pul tutulmuşdu”.
Z. İbrahimov iddia edir ki, maaşlardan tutulmalar şirkət tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min AZN ödənildiyi üçündür:
“30 iyun tarixində öz ərizəmlə şirkətdən ayrıldım. Bu dəfə isə 3 həftəlik iş günüm nəzərə alınmayaraq mənə 268.50 AZN maaş yazılmışdı”.
Şikayətçi Dövlət Əmək Müfəttişliyi və Dövlət Vergi Xidmətinə yazılı şəkildə müraciət edəcəyini qeyd edib.
“Şirin MMC” qənnadı fabrikinin kadrlar şöbəsinin müdiri Səriyyə Hüseynova məsələ ilə bağlı açıqlamasında bildirib ki, Z.İbrahimovun iddiası əsassızdır:
“Zamiq İbrahimov bizdə aprel ayından etibarən çalışıb. Həmin zamandan bu yana da maaşını tam formada alıb. İlk ay maaş kartı verilmədiyindən bankdan, daha sonra isə kart vasitəsilə maaşını götürüb. Öz ərizəsini təqdim edib və işdən azad olunub.
İddiası çox əsassızdır. Pandemiya zamanı sexlərimiz işləmədi, satışlar zəif oldu. Ancaq bütün bunlara baxmayaraq, işçilərimizin maaşı tam şəkildə ödənilib. Həmin dönəmdə xeyli ailəyə şirkət tərəfindən yardım olunub, ancaq heç biri reklam edilməyib. 424 nəfər əməkdaşımız var və onların hər biri tam şəkildə maaşını alıb”.