Dünyaca tanınmış istehlakçı məhsulları şirkətlərindən olan “Philip Morris International”ın (PMI) təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astana şəhərində növbəti ənənəvi “Technovation” konfransı keçirilib.
FED.az xəbər verir ki, tüstüsüz məhsullar sahəsində innvovasiya və texnologiyalar, bu məhsulların elmi araşdırmaları və sübutları, tütün zərərinin azaldılması və tibb ictimaiyyətinin çağrışları mövzusunda keçirilən konfransda bu sahə üzrə bir neçə ölkənin mütəxəssisləri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd siqaretin yaratdığı sağlamlıq risklərini azaltmaq üçün innovasiya və elmi araşdırmalarla yanaşı, qanunvericilik çərçivələrinin formalaşdırılması yollarını müzakirə etmək olub. Həmçinin, tüstüsüz məhsulların risk və faydalarının elmi tədqiqatlarla izahı, beynəlxalq nümunələrin təqdimatı, eləcə də Mərkəzi Asiya və MDB ölkələrində siqaret çəkənlərin sayının hələ də yüksək olduğu üçün bu bölgələrdə tüstüsüz məhsulların qəbulunu artırmaq və qanunvericilik maneələrinin aradan qaldırılması tədbirin əsas müzakirə mövzularından olub.
Tədbiri giriş sözü ilə açan PMI şirkətinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə vitse-prezidenti Tommaso Di Covanni tüstüsüz məhsulların inkişafında innovasiya və texnologiyanın əhəmiyyəti, həmçinin innovasiyanın qlobal çağırışların həllində rolu mövzularında çıxış edib.
O bu mövzuda geniş təqdimat edərək bildirib ki, qida istehsalından, davamlı qablaşdırmadan tutmuş yeni vaksinlərə və arıqlama dərmanlarına qədər innovasiya qlobal çağırışların həllində mühüm rol oynayır: “Doğru siyasətlərin tətbiqi ilə bu irəliləyişlər insan həyatını dəyişə bilər. Məhz bu baxımdan biz bu fürsəti əldən verməməliyik. Sağlamlıq uğrunda yenidən düşünərkən, fərq yaratmaqla siqaret çəkənlərə zərərləri azaltmaq imkanı verə bilərik”.
Di Covanninin sözlərinə görə tüstüsuz məhsullar hələ də cəmiyyətdə şübhə ilə qarşılanır, amma elmi sübutların sayı artır və onların zərəri azaltma potensialını təsdiqləyir. Bu məhsullar sadəcə ixtira deyil, onların hazırlanması illərlə aparılan elmi-tədqiqat işləri, milyardlarla investisiya və texnoloji təkmilləşmə tələb edib.
Di Covanni çıxışında Rayt qardaşlarının təyyarəni ixtira etməsini nümunə gətirib: “O dövrdə insanlar buna inanmırdı, hətta qəzetlər bəşəriyyətin milyon il sonra belə nailiyyət əldə edə biləcəyini yazırdı. Amma bu gün kommersiya aviasiyası milyonlarla insanı, biznesi və mədəniyyəti gündəlik olaraq birləşdirir. Eyni yanaşma tüstüsüz məhsullar üçün də keçərlidir. İnamsızlıq və tərəddüd gələcəkdə böyük nailiyyətlərin qarşısını kəsə bilməz. Bu prosesdə ictimai səhiyyə və siyasətin rolu da qaçılmazdır. Dövlətlər, qanunverici qurumlar və səhiyyə sektoru ilə əməkdaşlıq olmadan siqaretsiz gələcəyə keçid sürətlənə bilməz. Siyasət düzgün qurularsa, siqaret çəkənlərin sağlamlıq risklərinin azalmasına real töhfə verilə bilər”.
Daha sonra “Tüstüsüz Gələcək Baxışını Reallığa Çevirmək” mövzusunda tədbirin panel müzakirəsi başlayıb. Müzakirəyə qatılan mütəxəssislər MDB və Mərkəzi Asiyadakı çətinliklərdən danışıblar. Bildirilib ki, tüstüsüz məhsulların əlçatanlığı artsa da, siqaret çəkmə səviyyəsi hələ də çox yüksəkdir. Tüstüsüz gələcəyə keçid üçün maneələr və imkanlar yaradılsa da, ictimaiyyətin maarifləndirilməsi və səhiyyə siyasətinin dəstəyi daha vacibdir. Panel müzakirədə mütəxəssislərin əsas mesajı ondan ibarət olub ki, tüstüsüz gələcəyi reallaşdırmaq yalnız bir şirkətin marağında olmamalı, buna bütün cəmiyyət və dövlətlər də öz dəstəyini göstərməlidir.
Tədbirdə maraqlı və yadda qalan çıxışlardan biri də PMI-ın Cənub-Şərqi Asiya, MDB və Yaxın Şərqdə Elmi Məsələlər üzrə Direktoru Tomoko Lidanın təqdimatı olub. O çıxışında nikotin haqqında miflər və faktlar mövzusuna toxunub. Bildirib ki, MDB regionunda nikotinlə bağlı yanlış təsəvvürlər geniş yayılıb. Bir çox tibb mütəxəssisləri “bir damcı nikotin atı öldürə bilər” kimi miflərlə öyrədiliblər. Amma nikotin öz-özlüyündə kanserogen, yəni xərçəngə səbəb olan maddə deyil. Dünyanın heç bir səhiyyə qurumu nikotini kanserogen kimi müəyyən etməyib. Buna görə də sual belə qoyulmalıdır: nikotini hansı formada çatdırmaq daha təhlükəsizdir? Nikotin ziyansız deyil və asılılıq yaradır, lakin o, siqaret çəkməklə əlaqədar xəstəliklərin əsas səbəbi deyil. Bu xəstəliklərin əsas səbəbi tütün yanan zaman əmələ gələn minlərlə insan sağlamlığı üçün zərərli və xüsusilə zərərli maddələrdir. Elmi cəhətdən sübut edilmişdir ki, tüstüsüz tütün məmulatlarının buxarında olan zərərli maddələrin miqdarı siqaret tüstüsü ilə müqayisədə 90-95% daha azdır.
O, Yaponiya və İsveçrə təcrübəsindən çıxış edərək bildirib ki, tüstüsüz məhsulların tətbiqindən sonra Yaponiyada son 10 il ərzində siqaret satışları 46% azalıb. “2010-cu ildə ölkədə siqaret satışlarının həcmi təxminən 195 milyard ədəd təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 90 milyard ədədə qədər düşüb. Eyni zamanda, qızdırılan tütün məhsullarında istifadə olunan tütün çubuqlarının satışları sürətlə artıb. Əgər 2015-ci ildə onların satış həcmi cəmi 0,2 milyard ədəd idisə, 2018-ci ildə bu göstərici 34 milyard ədədə, 2024-cü ildə isə təxminən 60 milyard ədədə çatıb. Bu tendensiya göstərir ki, Yaponiyada siqaret çəkənlərin əhəmiyyətli hissəsi ənənəvi siqaretdən qızdırılan tütün məhsullarına keçid edib. İsveçdə də XX əsrin əvvəllərində siqaret satışları çox yüksək idi. Lakin 1970-ci illərdən sonra bu göstəricilər sürətlə azalmağa başladı. Eyni dövrdə snus məhsullarının satışları artdı və bazarda daha geniş pay qazandı. 2017-ci ildən etibarən İsveç Avropa İttifaqında ən aşağı siqaretçəkmə göstəricilərindən birinə sahib oldu. Bu nəticə əsasən siqaret çəkənlərin tüstüsüz alternativlərə, xüsusilə snus məhsullarına keçidi ilə bağlı olub. İsveç nümunəsi göstərir ki, tüstüsüz tütün məhsullarının geniş yayılması siqaret istehlakını əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə həm əhalinin sağlamlığının yaxşılaşmasına, həm də tüstüsüz gələcək baxışının reallığa çevrilməsinə töhfə verir”.
Tədbirdə səsləndirilən statistikaya əsasən, hətta bir çox ölkələrdə siqaret çəkmə göstəriciləri azalmaqdadır. Lakin dinamika və nəticələr ölkələrdən asılı olaraq dəyişir. Məsələn, Türkiyədə 2014–2019-ci illər ərzində 1,2% azalma olub. Tailandda (2011–2017) 12.6%, Braziliyada isə (2008–2019)13.9% azalma baş verib.
Digər tərəfdən tüstüsüz tütün məmulatlarının geniş istifadə edildiyi ölkələrdə - Yaponiyada (2014–2019)14.5%, İsveçdə (2004–2021) 49.5%, Islandiyada (2011–2021) 50.0%, Yeni Zelandiyada (2011–2020) isə 52.8% azalma qeydə alınıb. Bu, tüstüsüz tütün məhsullarının siqaret çəkənlərin sayına təsirinin ən bariz nümunəsidir.
Digər araşdırmalar göstərib ki, siqareti tərgitənlərin 80 faizə qədəri ona yenidən qayıtmaq niyyətində olurlar. Məhz bu səbəbdən də PMI insanlara daha az zərərli məhsullar təklif edir ki, bu onların səhhətinə ciddi təsir etməsin.
Tədbirdə tütünün zərərinin azaldılması mövzusunda danışan onkoloq, pulmonoloq, stomatoloq və kardioloq alimlər elmi sübutlarla ənənəvi tütün məmulatlarının ziyanından, onların həqiqətən də insanların sağlamlığına təhlükəli olmasından geniş danışıblar. Bildirilib ki, ənənəvi tütün tüstüsünün ağciyərdə xərçəng xəstəliyi yaratması qaçılmazıdr. İştirakçı onkoloq alimin sözlərinə görə, ağciyər xərçəngi daşıyanlar arasında siqaret çəkənlər o birilərdən 8 dəfə çoxluq təşkil edir. Qeyd olunub ki, tüstüsüz texnologiyalardakı innovasiyalar nikotindən istifadə edən siqaret çəkənlər üçün zərəri əhəmiyyətli dərəcədə azalda bilər.
Elnur Hüseynquluyev
FED.AZ MEDİA
Direktor və Baş redaktor
Bakı-Astana-Bakı