“Bizim sabiq başçı Elmar Vəliyevlə heç bir bağlılığımız yoxdur və ticarət mərkəzi fəaliyyətini davam etdirir”.
Bu barədə Gəncədəki "Grand Qafqaz” ticarət mərkəzinin müdir müavini Mahmud Mahmudzadə ötən gün saytımızda gedən “Elmar Vəliyevin bazarı bağlandı - Yeni başçı Gəncə sakinlərini sevindirdi” başlıqlı yazıya münasibət bildirərkən deyib.
M.Mahmudzadə ticarət mərkəzində yoxlamaların getdiyini təsdiqləyib:
“Ölkə başçısının tapşırıqlarına əsasən, qanuna uyğun olaraq, hər bir müəssisədə kassa aparatına keçid labüddür. Və yoxlamalar bazarın bağlanması ilə bağlı deyil.
23 hektar ərazidə 4 minə yaxın dükanı əhatə edən "Grand Qafqaz” kompleksi 8 aydır ki, fəaliyyət göstərir. Bu gün kompleksin 2 modulu tam gücü ilə işləyir. Gəncə səbəti, saxlama anbarları, tekstil, həmçinin, dükanlarla yanaşı, restoranlar, hostellər fəaliyyətdədir. Bir çox insan burada kənd təsərüfatı məhsullarını gətirib satır. Bura “Bazarstor” MMC-dir. Müdrimiz Vüsal Tağıyevdir.
Hazırda mən də öz işimin başındayam. Buradakı şəraitlə tanış olmaq üçün sizi Gəncəyə dəvət edirəm”.
M.Mahmudzadə bildirib ki, MMC-nin siyasi baxımdan heç kimdən asılılığı yoxdur:
“Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Gəncədə bizim bazardan savayı, iki bazar fəaliyyət göstərir. Eyni zamanda, təəssüflə qeyd etməliyəm ki, Gəncədə küçə ticarətinə göz yumulub. Biz sağlam rəqabətə üstünlük veririk. Gəncədəki bütün mağazaları, dükanları bura köçürsək belə, kompleksin yarısı ancaq dolacaq. Bizim də hansısa bazarı bağlayıb bura köçürmək niyyətimiz yoxdur”.