Mayın 31-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.
“TİCARƏT DÖVRİYYƏSİ O QƏDƏR DƏ BÖYÜK DEYİL”
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir:
“Hesab edirəm ki, biz iqtisadi sahədə daha da fəal işləməliyik. Çünki ticarət dövriyyəsi hələ ki, o qədər də böyük deyil, halbuki potensial var. Bu gün biz bu barədə də danışdıq və müəyyən etdik ki, növbəti mərhələdə biznes qurumlarının müntəzəm olaraq bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır. Bu gün keçiriləcək biznes forum əlbəttə ki, buna nail olmaq üçün çox önəmli bir vasitədir. Bilirəm ki, forumun işinə həm Polşadan, həm Azərbaycandan çox böyük maraq var. Hesab edirəm ki, Polşa və Azərbaycan biznes dairələri bir-biri ilə sıx əlaqə quraraq, həm özləri, həm də ölkələrimiz üçün fayda gətirə bilərlər”.
“AZƏRBAYCAN ŞİRKƏTLƏRİNƏ TÖVSİYYƏ EDİRƏM Kİ,....”
İlham Əliyev, “Hesab edirəm ki, sərmayə qoyuluşu baxımından bizim aramızda heç bir fikir ayrılığı yoxdur” deyərək sözlərinə belə davam edib:
“Biz qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməliyik və ölkəmizdə gözəl sərmayə iqlimi var. Ümid edirəm ki, Polşa şirkətləri bu imkanlara diqqətlə baxacaqlar. Eyni zamanda, Azərbaycan şirkətlərinə də tövsiyə edirəm Polşadakı imkanlara baxsınlar ki, bizim aramızda olan iqtisadi və ticarət əlaqələri daha da genişlənsin. Keçən il Polşada Azərbaycanın ticarət evi açılmışdır. Bu, kiçik də olsa, önəmli addımdır. Hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha böyük addımlar atılacaq”.
İlham Əlieyev bildirib ki, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb: “Qeyd olundu ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz üçün böyük önəm daşıyır. Azərbaycan bu sahədə öz işlərini görür. Mövcud nəqliyyat və logistika imkanları yeni bir vəziyyət yaradır. Yəni, Azərbaycan nəqliyyat mərkəzlərinin birinə çevrilir və əlbəttə, ərazimizdən keçən yüklərin həcmi də əminəm ki, artacaq.
Energetika sahəsində əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu sahədə də böyük potensial, qarşılıqlı maraq var. Müvafiq qurumlar, bizim şirkətlərimiz bu məsələ ilə bağlı indi işləyirlər və danışıqları davam etdirirlər”.
Azərbaycan Prezidenti bildirib ki, kənd təsərrüfatı, turizm və digər sahələrdə yaxşı imkanlar var. Həm əldə edilmiş nailiyyətlər, həm də yeni imkanlar mövcuddur və biz bu imkanlardan istifadə etməliyik.
"AZƏRBAYCANA AVADANLIQ, GÜBRƏLƏRİN İXRACI GENİŞLƏNƏCƏK"
Polşa Prezidenti Andjey Duda bildirib ki, Azərbaycan və Polşa əməkdaşlığın yeni erasına başlayır: “Bununla biz əldə etdiyimiz razılaşmalara, kənd təsərrüfatı sahəsindəki əməkdaşlığa artıq böyük ümidlər bəsləyə bilərik. Hesab edirəm ki, bununla da Polşa fermerlərinin ixrac imkanları daha da genişlənəcək. Kənd təsərrüfatı sahəsində avadanlıq, həmçinin kimya sənayesi məhsullarının, gübrələrin ixrac edilməsi imkanları genişlənəcək. Bilirəm ki, Azərbaycanda bu sahədə inkişaf gedir. Əslində, qeyd etməliyəm ki, Azərbaycan bizim mühüm ticari tərəfdaşımızdır. Məlumdur ki, 2010-cu ildən sonra bütün dünyanı maliyyə böhranı bürüdü. Buna baxmayaraq, hazırda biz ticari münasibətlərimizin səviyyəsini yenidən artırırıq”.
“ƏLƏT LİMANINDA POLŞA ŞİRKƏTLƏRİNİN DƏ NÜMAYƏNDƏLİYİ OLMALIDIR”
Andjey Duda, “Hazırda mən səbirsizliklə gözləyirəm ki, hər iki ölkənin biznes icması görüşsün” deyərək çıxışına belə davam edib:
“Hesab edirəm ki, Sizin ölkənizdəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır. Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq”.
"BİZ İSTƏYİRİK Kİ, BU DƏHLİZİN BİR HİSSƏSİ OLAQ"
Polşa Prezidenti bildirib ki, həmçinin Xəzər dənizi vasitəsilə Qafqaz ölkələrinə, İrana, Ukraynaya, Polşaya, Mərkəzi Asiyaya və Çinə çıxış imkanları müzakirə olunub: “Bütün bunlar məhz nəqliyyat sahəsinə aid olan məsələlərdir. Həmçinin bu bağlılıq və iqtisadi münasibətlər daşımalar baxımından olduqca vacibdir ki, biz Avropa İttifaqının bir hissəsi olaraq bu bölgədən istifadə edək. Bununla biz bu prosesləri qarşılıqlı şəkildə genişləndirə biləcəyik. Gələcəkdə neft və qaz sahəsində əməkdaşlığımızı genişləndirmək fikrindəyik. Biz Azərbaycanın ərazisindən istifadə edərək nəqliyyat daşımaları sahəsində də azərbaycanlı həmkarlarımızla birgə işləyəcəyik. Bildiyiniz kimi, Çin genişmiqyaslı “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürmüşdür. Mənə elə gəlir ki, mühüm strateji mövqeyə malik Azərbaycan Polşa ilə birgə işləyərək Avropaya yeni bir pəncərə aça bilər. Fikrimcə, bu, hər ikimiz üçün çox vacibdir ki, biz bu dəhlizin bir hissəsi olaq”.
Andjey Duda deyib: Həmçinin biz istərdik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında çərçivə sazişinə dair aparılan danışıqlar da tezliklə başa çatdırılsın. Bu, həm Azərbaycan vətəndaşları, həm də Avropa İttifaqı vətəndaşları üçün imkanlar yaradacaq. İstərdik ki, Azərbaycan, həmçinin Dünya Ticarət Təşkilatına üzvlük baxımından da nəticələr əldə etsin. Əslində bu da bizim ikitərəfli iqtisadi münasibətlərimizə müsbət təsir göstərəcək”.
"Ələt azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır" - BƏYANATLAR
11:12
1 İyun 2019