Bakı sakinlərinin ən çox istifadə etdiyi siqaret markası məlum olub.
Eləcə də bax: Sabahdan siqaretlərə - AKSİZ VERGİSİ ARTIR
FED.az xəbər verir ki, bu, «Business Insight» şirkətinin Bakı şəhərində əhalinin həyat tərzini öyrənmək məqsədi ilə keçirdiyi sorğuda məlum olub.
Sorğuda 650 nəfərə «Siqaret markalarından hansıları tanıyırsınız?», 385 nəfərə isə «Hansı siqaret markasından istifadə edirsiniz?» sualı verilib.
Sorğuya cəlb olunanların 59.2%-i (385 resp.) siqaret markalarını tanıdığını, qalan 40.8%-i (265 resp.) isə tanımadığını qeyd edib. Siqaret markalarını tanıyan 385 respondentin cəmi 43.1%-i (166 resp.) siqaret istifadəçisi olduğunu bildirib.
Araşdırmadan çıxan digər bir nəticə isə “Kent” siqaret brendinin ən çox tanınan və ən çox istifadə olunan marka olmasıdır. Belə ki, “Kent” markası 38%-lə ən çox tanınan siqaret markası olmaqla yanaşı, həm də siqaret markasını tanıyan 385 respondent arasında 11.7%-lə ən çox istifadə olunan siqaret markası ünvanına sahibdir.
Xatırladaq ki, Bakıda 650 nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 50%-i qadın, 50%-i kişi olub. Respondentlərin 10,8%-i 18-25 yaş arası, 36,9%-i 26-35 yaş arası, 20,6%-i 36-45 yaş arası, 17,4%-i 46-55 yaş arası, 14,3%-i isə 56-65 yaş arasında olanlardır. Respondentlərin orta aylıq gəlirləri 540 AZN, ailənin orta aylıq gəliri 820 AZN olub. Rəyi soruşulanların 46%-ni orta məktəb, 15%-ni orta ixtisas texnikomu, 39%-ni isə ali təhsilli şəxslər təşkil edib.