Azərbaycanda əhalinin yarıdan çoxu ayaqqabını iri ticarət mərkəzlərindən (talkuçkalardan) alır.
FED.az xəbər verir ki, bu, «Business Insight» şirkətinin Bakı şəhərində əhalinin həyat tərzini öyrənmək məqsədi ilə keçirdiyi sorğuda məlum olub.
Eləcə də bax: Əhalinin ən çox istifadə etdiyi siqaret markası – MƏLUM OLUB - SORĞU
Sorğuda «Ayaqqabınızı adətən hansı mağazadan alırsınız» sualına cavab verən iştirakçılar müxtəlif ticarət mərkəzlərinin adını çəkiblər. Paytaxt sakinlərinin yarısından çoxu (57,1%) ayaqqabı alışı üçün məhz bu tip Ticarət Mərkəzlərinə üz tutur. Belələrinə «Sədərək», «Binə», «Bakıxanov», «Laçın», «28 May – Keçid», «Ucuzluq», «Lotos» və s. tipli mərkəzlər daxildir.
Çarpaz təhlillər göstərir ki, bazar tipli ticarət mərkəzlərindən ayaqqabı almağa kişilərə nisbətdə xanımlar daha çox meyillidirlər (kişilər 48%; xanımlar 52%).
Ayrı-ayrı brendlərə gəlincə, Bakı şəhərində ayaqqabı brendləri arasında «FLO» böyük fərqlə qabaqdadır - respondenlərin 11 faizi ayaqqabılarını FLO-dan aldıqlarını qeyd ediblər. FLO-nun müştəriləri arasında kişilər üstünlük təşkil edir. İkinci yeri 2,2%-lə «İzabel», üçüncü yeri isə 1,2%lə «Poppy Gallery» tutur.
Ayaqqabısını online alanlara (6.5%), xaricdən alanlara (4.8%), sifarişlə tikdirənlərə (1.7%) də rast gəlinib. Ayaqqabılarını sifarişlə tikdirənlər isə ancaq kişilərdir.
Xatırladaq ki, Bakıda 650 nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 50%-i qadın, 50%-i kişi olub. Respondentlərin 10,8%-i 18-25 yaş arası, 36,9%-i 26-35 yaş arası, 20,6%-i 36-45 yaş arası, 17,4%-i 46-55 yaş arası, 14,3%-i isə 56-65 yaş arasında olanlardır. Respondentlərin orta aylıq gəlirləri 540 AZN, ailənin orta aylıq gəliri 820 AZN olub. Rəyi soruşulanların 46%-ni orta məktəb, 15%-ni orta ixtisas texnikomu, 39%-ni isə ali təhsilli şəxslər təşkil edib.