“Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmasına Nazirlər Kabineti (NK) tərəfindən qaydasının təsdiq edildikdən sonra başlanacaq”.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Eləcə də bax: “Gömrük Komitəsi bizdən qanunsuz ƏDV tələb edir” iddiasına münasibət
Rəsmi məlumata görə, ƏDV-nin qaytarılması prosesi üçün müvafiq hüquqi, texniki və təşkilati məsələlər başa çatdırılmalıdır:
“Vergi Məcəlləsinə əlavə edilən dəyişiklik nəticəsində, nağdsız dövriyyənin stimullaşdırılması məqsədilə aparılan islahatların tərkib hissəsi kimi, istehlakçılar tərəfindən pərakəndə ticarət və ictimai iaşə müəssisələrində nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi geri qaytarılacaq.
Bu cür ödənişlər yeni nəsil-real rejimdə vergi orqanlarına qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Çünki, qanunvericiliyə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir”.
Mərkəzdən verilən məlumatda həmçinin bildirilib ki, onlayn kassa aparatları mərhələli şəkildə pərakəndə ticarət və ictimai iaşə obyektlərində qurulmaqdadır:
“Bu proses ƏDV ödəyicilərinin əhatə etməlidir. ƏDV məhz belə obyektlərdən ticarət edilən zaman qaytarılacaq”.