2022-ci ilin 1-ci rübündə dünyada «ağıllı» saat bazarı 13% böyüyüb.
FED.az xəbər verir ki, bu barədə «Counterpoint Research» şirkətinin hesabatında deyilir.
Hesabata görə, «ağıllı saat» bazarında lider yenə də «Apple»dir. Bu il şirkət öz bazar payını ötənilki 35,9%-dən 36,1%-ə qaldırıb. «Apple Watch»ların satışı 14% artıb.
«Samsung»un satışlarında isə 46% artım var. Nəticədə bu şirkətin «ağıllı saat»ları bazarında payı ötənilki 7,8%-dən 10,1%-ə yüksəlib. Bununla da «Samsung» şirkəti «ağıllı saat» bazarında «Huawei»i qabaqlayaraq 3-cü yerdən 2-ci yerə yüksəlib.
«Huawei»in isə satışları dəyişməyib və nəticədə bazar payı 8,1%-dən 7,2%-ə enib.
Mobil telefon bazarını alt-üst etmiş Çinin «Xiaomi» şirkəti «ağıllı saat» bazarını da işğal etməyə başlayıb. «Xiaomi»nin «ağıllı saat»larının satışları 69% artıb, bazarı payı 3,4%-dən 5%-ə yüksəlib. Maraqlıdır ki, «Xiaomi»nin istehsal etdiyi «ağıllı» saatların yarıdan çoxu qiyməti 100 dollardan aşağı olan modellərdir.