Oktyabrın 28-29-da Bakıda keçiriləcək Dünya Azərbaycanlı İş Adamlarının I Forumunda dünyanın 33 ölkəsindən 160-a yaxın iş adamı iştirak edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirə ən böyük nümayəndə heyəti ilə Rusiyadan olan azərbaycanlı iş adamları qatılacaq. Bu ölkədən 40 nəfərdən çox nümayəndənin dəvət olunması nəzərdə tutulub.
Bundan başqa, Türkiyə, Almaniya, Ukrayna və Qazaxıstandan xeyli sayda iş adamının Forumda iştirakı gözənilir.
Forumda kənd təsərrüfatı, konsaltinq, ticarət, informasiya texnologiyaları, nəqliyyat və logistika, neft sənayesi, tekstil, bank sektoru və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul azərbaycanlı iş adamları iştirak edəcək. Azərbaycandan kənd təsərrüfatı, qida sektoru, tikinti və inşaat, neft, informasiya-kommunikasiya texnologiyaları (İKT), tekstil, tikiş, habelə digər sahələrdə çalışan iş adamlarının forumda iştirakı gözlənilir. Forumda ümumilikdə 300-dən çox nümayəndənin iştirakı planlaşdırılır.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkə iqtisadiyyatın real sektoruna, xüsusilə, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına sərmayə qoymağa çağırıb. Qurultayda aparılan müzakirələr zamanı Azərbaycan prezidentinin tövsiyələrinə əsaslanaraq Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi təklifi irəli sürülüb. Azərbaycan prezidentinin tövsiyələri əsasında hazırlanmış və Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunmuş "Dünya Azərbaycanlılarının IV Qurultayından irəli gələn vəzifələrə dair Tədbirlər Planın"nın 3-cü bəndində Bakıda Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısının keçirilməsi nəzərdə tutulub.