Prezident İlham Əliyev İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətlərini təsdiqləyib.
FED.az xəbər verir ki, bu fərmana əsasən ilk dəfə olaraq 2024-cü ildə Azərbaycanda keçiriləcək dünyanın ən böyük tədbirlərindən biri olan COP29 beynəlxalq tədbiri çərçivəsində qonaqlama layihələri üzrə də investisiya təşviqi sənədi veriləcək.
Fərmana əsasən investisiya təşviqi sənədi veriləcək sahələr aşağıdakılardır:
1. Yerli xammal bazasına (metal filiz, neft, qaz, kimya, tikinti materialları və pambıq sahələri) əsaslanan istehsal layihələri;
2. Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;
3. Tullantıların idarə olunması və təkrar emalı layihələri;
4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri;
5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri;
6. 2023-cü il yanvarın 1-dən sonra investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft sənayesi müəssisələrinin istehsal layihələri;
7. Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri;
8. Hava gəmilərinin istismarı və onlara texniki xidmət göstərilməsi layihələri;
9. Dəmir yolunun hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;
10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri;
11. Alüminium məhsullarının istehsalı layihələri;
12. Dövlət-özəl tərəfdaşlığı (dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələri daxil olmaqla) layihələri;
13. COP29 beynəlxalq tədbiri çərçivəsində qonaqlama layihəsi.
Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.