Bir neçə gündür ki, İqtisadiyyat Nazirliyinin xətti ilə pandemiyadan zərərçəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi prosesi başlayıb.
Eləcə də bax: Dövlətdən dəstək almaq üçün 67 min sahibkar - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, proqram davam edir və ayrılan vəsait sahibkarların bank hesabına köçürülür.
Gəncədə fəaliyyət göstərən"Dan ulduzu piramida" şənlik evinin sahibi Nəsibov Rübail bildirib ki, dövlət tərəfindən işçilərinin müəyyən hissəsinə yardım olunub:
"Dəstək nəticəsində işçilərin əməkhaqlarını verə bildik. Bizə 3528 manat yardım olunub. Bu vəsait işçilərin əməkhaqq kartına ödəniləcək. Bizim əsas və əlavə, xidməti müqavilə ilə işləyən işçilərimiz var. Onlar vergi ödəyicisi kimi müqavilə bağlayıblar. Musiqiçilər, operatorların hamısı 250 manat əlavə pullarını alıblar. Bildirilir ki, bizə may ayında da dövlətimiz kömək edəcək".
Qax rayonunda fəaliyyət göstərən "Qax" hazırlıq mərkəzinin rəhbəri Elşad Bəkərov qeyd edib ki, özəl təhsil müəssisəsində 16 nəfər işçisiylə fəaliyyət göstərir: "Pandemiya bizim fəaliyyətimizə də təsir edib. Dövlətimiz, Prezidentimiz sağ olsun. Bizə də müəyyən qədər yardım olundu. Aprel ayı üçün 2600 manata qədər bizə yardım edildi. İşçilərin maaşının bir qismini ödədik" (Qafqazinfo).