Azərbaycanda sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğundan, bu sahədə davamlı olaraq qanunvericiliyin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, maliyyə resurslarının əlçatanlığının artırılması və digər dəstəkləyici mexanizmlərin tətbiq olunması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunmaqdadır.
Eləcə də bax: Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
FED.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun (Fond) açıqlamasında bildirilir.
"Məlum olduğu kimi, koronavirus pandemiyasının iqtisadiyyata təsirinin minimallaşdırılması və bu dövrdə sahibkarlığın dəstəklənməsi istiqamətində dövlət tərəfindən xüsusi proqramlar çərçivəsində dəstək göstərilir. O cümlədən, maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə əlaqədar sahibkarlara güzəştli kreditlərin verilməsi həyata keçirilir.
Fond da pandemiyanın iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə sahibkarlığın dəstəklənməsi işini elektron sistem üzərindən sürətli mexanizm vasitəsilə reallaşdırır. Zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi çərçivəsində Fondun xətti ilə sahibkarlara verilən kreditlərin həcmi sürətlə artır. Belə ki, oktyabr ayında Fondun zəmanəti ilə sahibkarlar 58,6 milyon manatdan çox kredit əldə edib. Bununla da bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlara verilən kreditlərin məbləği 180 milyon manatı ötüb.
Zəmanət verilmiş kreditlərin orta müddəti 31 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6,5% təşkil edir. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2700-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Fondun zəmanəti hesabına bir borcalana verilən kreditlərin məbləği 40 min manatdan 5 milyon manatadək təşkil edib.
Qeyd edək ki, dövlət tərəfindən nəinki pandemiya, postpandemiya dövründə də sahibkarlığın dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması istiqamətində tədbirlər davam etdiriləcək. Nəticədə bu, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun dəstəklənməsi, bu sahədə yeni iş yerlərinin yaradılmasına təkan verməklə bütövlükdə sektorun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasının uğurla həyata keçirilməsinə şərait yaradacaq", - deyə məlumatda qeyd edilib. (Report)