Xəbər verildiyi kimi, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların istehsalı, idxalı və satışı qadağan edilib. İyulun 1-dən isə həmi qadağa birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanlara aid olacaq.
FED.az xəbər verir ki, bununla əlaqədar olaraq ölkədəki polietilen torbaların iri istehsalçıları və ticarət şəbəkələrinin rəhbərləri ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində görüş keçirilib.
Görüşdə qeyd olunan məsələ ilə bağlı əmtəə bazarındakı vəziyyət müzakirə olunub, sahibkarların təklifləri dinlənilib və onlara qanunvericiliyin tələbləri izah edilib, qanun pozuntusu aşkar ediləcəyi təqdirdə, ciddi məsuliyyət tədbirlərinin görüləcəyi bildirilib.
Bundan başqa, Dövlət Xidməti tərəfindən polietilen torbaların idxalını həyata keçirən sahibkarların telefon nömrələrinə maarifləndirici SMS-lər də göndərilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərini qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.