Azərbaycanda dövlət satınalmalarında kiçik və orta biznesin payı artırılacaq. Fed.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclasında bildirilib.
Sahibkarların 80%-nin vəziyyəti pisləşib - GƏLİRLƏRİ AZALIR - ARAŞDIRMA
İclasda kiçik və orta biznesin inkişafı üçün görülən işlər barədə məlumat verilib, qarşıdakı dövr üçün planlar açıqlanıb.
Toplantıda bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərmək istəyən sahibkarların müraciətləri ilə bağlı işlər KOBİA-nın qarşıdakı dövrdə əsas fəaliyyət istiqamətlərindən olacaqdır.
KOBİA Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov rəqabətədavamlı KOB subyektlərinin yaradılmasını, dövlət satınalmalarında iştirak payının artırılmasının, startapların, ixrac potensialı olan KOB subyektlərinin dəstəklənməsinin zəruriliyini qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edərək, KOB-ların inkişafı, onların maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, yeni təşviq mexanizmləri barədə məlumat verib.