İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı (enterpriseazerbaijan.com) ilə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti arasında görüş keçirilib.
FED.az xəbər verir ki, görüşün əsas məqsədi gənc startapçıların daha çox uğur qazanması üçün Dövlət Məşğulluq Xidməti ilə “Enterprise Azerbaijan” portalının əməkdaşlığının dərinləşdirilməsidir. Belə ki, müzakirə zamanı “Enterprise Azerbaijan” portalına daxil olan startap layihələri ətraflı olaraq təqdim olunub və bu layihələrin Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi özünüməşğulluq və digər proqramlar çərçivəsində dəstəklənməsi imkanları müzakirə edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev tədbir iştirakçılarını salamlayaraq vurğulayıb ki, gənclərin innovativ təşəbbüsünün dəstəklənməsi, onların məşğulluğunun təmin olunması ölkəmizdə prioritet məsələdir.
F. Musayev EnterpriseAzerbaijan.com Portalına daxil olan startap layihələrinin özünüməşğulluq proqramının tələblərini ödədiyi təqdirdə onların aktivlə təmin olunması məsələsinə baxıla biləcəyini bildirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn təmsil etdiyi qurumunun operatoru olduğu EnterpriseAzerbaijan.com Portalına daxil olan startap layihələrinin göstərdiyi diqqətə görə təşəkkür edərək bildirib ki, EnterpriseAzerbaijan.com Portalının missiyasının investisiya layihələrinin, aktivlər, təbii resurslar və investisiya imkanları haqqında məlumatların xarici və yerli investorlara təqdim edilməsi, startapların inkişafına töhfə verməkdən ibarətdir. Bu baxımdan EnterpriseAzerbaijan.com Portalının yerləşdirilən startap layihələri həm də Dövlət Məşğulluq Xidmətinə təqdim olunur və bu sahədəki yeni əməkdaşlıq imkanları ölkəmizdə məşğulluğun artmasına, gənclərin yaratdığı innovativ startapların uğur qazanmasına xidmət edəcək.
Onun sözlərinə görə, “Enterprise Azerbaijan” portalı Dövlət Məşğulluq Xidməti tərəfindən dəstək alan layihənin məkan təminatını da öz üzərinə götürə bilər.
Sonda iki qurum arasında əməkdaşlıq dərinləşdirilsin və görüşlər mütəmadi keçirilməsi barədə razılıq əldə olunub. Dövlət Məşğulluq Xidmətinin nümayəndələri hər bir startapçının təqdim etdiyi layihənin ətraflı öyrəniləcəyini bildiriblər.