Dövlət Gömrük Komitəsində EKVİTA şirkətinin dəstəyi ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının və Azərbaycan-İtaliya Ticarət Palatasının üzvləri ilə görüş keçirilib.
FED.az-ın məlumatına görə, biznesin inkişaf etdirilməsi mövzusunda keçirilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, "Societe General", "Suez", "Sigma Technical Services", "Total", CCİAF", "İCOG", "İTAREZCOM" və "EKVİTA konsaltinq" şirkətlərinin nümayəndələri iştirak edib.
Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar barədə məlumat verib. Bildirilib ki, kadr və struktur islahatları nəticəsində idarəetmənin təkmilləşdirilməsinə, daha çevik və dinamik fəaliyyət göstərməsinə nail olunub. Korrupsiya hallarının aradan qaldırılması və şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, düzgün uçot sisteminin qurulması məqsədilə vergi orqanları ilə birgə fəaliyyətin təşkili fiskal sahədə uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.
İsmayıl Hüseynov "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqi və faydaları barədə də görüş iştirakçılarına məlumat verərək qeyd edib ki, artıq cari ilin fevral ayından tətbiq edilən sistem idxal-ixrac əməliyyatlarının sürətləndirilməsinə, gömrük prosedurlarının sadələşdirilməsinə, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaradıb və ən əsası biznes nümayəndələrində könüllü riayət prinsipinin formalaşdırılmasına təkan verib.
Gələcəkdə gömrük sistemində tətbiq ediləcək yeniliklər barədə də iştirakçıları məlumatlandıran Komitə sədrinin birinci müavini palata üzvləri ilə mütəmadi görüşlərin keçirilməsinin əməkdaşlığın daha da gücləndirilməsi baxımından önəminə diqqət çəkib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Azərbaycanda münbit biznes mühitinin yaradıldığını, gömrük orqanlarının da bu sahəyə öz töhfəsini verdiyini bildirib və bütün ölkələrin iş adamlarının Azərbaycanda uğurlu fəaliyyəti üçün şərait yaradıldığını diqqətə çatdırıb.
Cavad Qasımov əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayan, biznesdə, eyni zamanda gömrük sistemində tətbiq edilən yeniliklər barədə məlumat mübadiləsinin həyata keçirilməsinə şərait yaradan görüşlərin gələcəkdə palata üzvləri ilə geniş tərkibdə keçirilməsinin ümumi işə fayda verəcəyini vurğulayıb.
Daha sonra çıxış edən şirkət nümayəndələri, istər Fransa, istərsə də İtaliya iş adamlarının Azərbaycana xüsusi maraq göstərdiklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycanın gömrük sistemində tətbiq edilən yenilikləri sahibkarlar yaxından izləyir və gündəlik fəaliyyətlərində hiss edirlər. Biznes mühitinin yaxşılaşdırılmasında, Azərbaycanın beynəlxalq reytinq cədvəllərində mövqeyinin güclənməsində gömrük sistemində aparılan islahatların da mühüm rol oynadığı bildirilib.
Sonra Dövlət Gömrük Komitəsinin əməkdaşı Fərid Vəliyev "Ticarətin asanlaşdırılması" mövzusunda təqdimatla çıxış edib.
Görüşdə gömrük orqanları ilə hər iki palata arasında əlaqələrin daha da gücləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin operativ şəkildə həll edilməsi məqsədilə işçi qrupun yaradılması da qərara alınıb.
Sonda, sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.