Prezident İlham Əliyev yerli sahibkarları vergidən yayınmaq üçün saxtakarlıq və müxtəlif biclikləri kənara qoymağa çağırıb.
FED.az-ın məlumatına görə, dövlət başçısı fevralın 3-də regionların inkişfına həsr olunmuş konfransda bildirib ki, dövlət ölkədə biznesin inkişafı üçün böyük işlər görüb və bu işlər davam edir. Bu işlərin müqabilində sahibkarlar da aktiv olmalı, indiyədək yol verilən mənfi halları, o cümlədən saxtakarlıqları kənara qoymalıdırlar.
«Sahibkar da bizim vətəndaşımızdır. Sahibkar da onlarla, yüzlərlə, bəlkə də minlərlə işçini saxlayır, ona maaş verir. Ona görə burada bu birliyin, bu konfransların məqsədi nədir?! Burada oturanların bir hissəsi yerli icra başçıları, mərkəzi icra orqanlarının rəhbərləri və sahibkarlardır. Bu konfransın ikinci hissəsində açıq söhbət aparılmalıdır. Daha şüarlar, hansısa bəyanatlar lazım deyil.
Açıq söhbət olmalıdır, problem nədir, həlli yolu nədir sahibkar desin. Dövlət nümayəndəsi də ona desin ki, o, harada pozuntulara yol verir, dostcasına desin ki, “get bunu düzəlt, bax, son dəfə sənə deyirəm, düzəltməsən, onda özündən küs”.
Bu gün burada, bax, bu məsələlər müzakirə olunmalıdır. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın.
Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam».