Azərbaycnda dollar kreditləri problemi ilə bağlı Konstitusiya Məhkəməsinin qərar veriləcəyi ilə bağlı səbəbi bilinməyən gözləntilər yaranıb. KM bu məsələyə yenidən qayıdacaqmı? Bu nə qədər qanuni və məntiqlidir?
FED.az xəbər verir ki, tanınmış hüquqşünas, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov Konstitusiya Məhkəməsinin dollar kreditlərinə yenidən baxmaq ehimalı ilə bağlı fikirlərini açıqlayıb.
Eləcə də bax: Dünya Bankı Azərbaycana 100 mln. dollar kredit ayırmağı - PLANLAŞDIRIR
«Son vaxtlar məndən soruşurlar: “Deyirlər ki, Konstitusiya Məhkəməsi dollar kreditləri üzrə qərardad verib deyəcək ki, əvvəlki qərarları yalnız onların qəbulundan sonrakı münasibətlərə aiddir. Yəni bankların xeyrinə verdiyi qərarlar devalvasiyayadək götürülmüş kreditlərə aid olmayacaq. Bu barədə nə deyə bilərsiz?”
Əvvəla, xatırladım ki, söhbət Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il və 7 sentyabr 2018-ci il tarixli qərarlarından gedir. Birincidə demişdi ki, xarici valyutada kredit vermək qanunidir və devalvasiyadan sonra götürülmüş kredit yeni məzənnə ilə qaytarılmalıdır; ikincidə isə demişdi ki, devalvasiya borc alan üçün gözlənilməz hadisə olmadığı üçün şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deyil və buna görə də borc alan kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini tələb edə bilməz (bu məsələ üzrə Məhkəmənin yalnız bir hakimi ümumi qərarla razılaşmayaraq xüsusi rəydə qalmışdır).
Hər iki qərar nəinki əhalinin, həmçinin hüquq ictimaiyyətinin (hətta bəzi deputatların da) haqlı narazılığına səbəb olmuşdur. Çünki həm mənəvi, həm də hüquqi cəhətdən əsassız qərarlardır. Sırf bankların maraqları naminə qəbul edilmiş qərarlardır.
Konstitusiya Məhkəməsinin yenidən bu məsələyə qayıdacağı haqda məlumatım yoxdur. Düzünü desəm, bunu heç təsəvvür də etmirəm. Burada yalnız 2 variant var. Birinci variant odur ki, Konstitusiya Məhkəməsi tam tərkibdə çıxıb deyir ki, hər iki qərarımız səhv olub, bizi bağışlayın, buyurun, bu da yeni ədalətli və düzgün qərar. Bunu təsəvvür etmək çətindir! Ən azı ona görə ki, bu halda hakimlərin hamısı istefa verməlidir. Düzdür, son zamanlar vəzifəlilər bəzən könüllü istefa verir. Hətta deputatlar da. Amma kollektiv istefa halları hələ olmayıb!
İkinci variant isə ondan ibarətdir ki, Məhkəmə qərardad verib deyir ki, hər iki qərar yalnız onların qəbulundan sonra götürülmüş kreditlərə aiddir. Yəni həmin qərarların qəbulunadək götürülmüş dollar kreditləri qanunsuzdur və əvvəlki məzənnə ilə qaytarılmalıdır, həmçinin ona görə ki, devalvasiya, gözlənilməz olduğu üçün şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Belə qərardadın qəbulu nəinki inandırıcı deyil (çünki bankların əleyhinədir), hüquqi cəhətdən də düzgün deyil. Niyə?
Konstitusiya Məhkəməsi mövcud qanunlara şərh verir. Məlum olduğu kimi, qanunlar qüvvəyə mindiyi andan hamı üçün hüquq və vəzifələr yaradır. Bu baxımdan Konstitusiya Məhkəməsinin şərhinin tarixi mühüm deyil. Qanun elə həmin qanundur.
Sadəcə Konstitusiya Məhkəməsi şərh verib deyir ki, filan tarixdən qüvvədə olan qanunu belə başa düşüb tətbiq etmək lazımdır. Deyə bilməz ki, yalnız bundan sonra belə başa düşüb tətbiq edin. Bu, absurd bir mövqe olardı. Dünyanın heç bir ölkəsində qanunun şərhi həmin şərhin tarixindən sonra tətbiq edilmir. Belə yanaşmaya yol verən ölkədə hüququn əsər-əlaməti yoxdur demək. Anarxiya hökm sürür, dərəbəylikdir demək, kim nə istəyir onu da edir. Belə ölkədə hüquqi müəyyənlik, qanunun aliliyi və s. yoxdur demək.
Həm də axı necə ola bilər ki, Konstitusiya Məhkəməsi əvvəl qəbul etmiş qərarları haqda indi çıxıb desin ki, onların tətbiqi filan tarixdən başlayır? Bunu deyən idin, heç olmasa əvvəldən deyərdin də! Məsələn, bir dəfə bizim Konstitusiya Məhkəməsi belə bir şey edib (yəni əvvəldən deyib). Belə ki, 12 mart 2012-ci il tarixli qərarında vergi orqanlarının icarə üzrə vergini müqavilə qiymətindən deyil, bazar qiymətindən tutmaq hüququnu tanımışdı. Amma vurğulamışdır ki, “formalaşmış məhkəmə təcrübəsinin... şərhdən fərqləndiyini nəzərə alaraq... icarə münasibətləri iştirakçılarının hüquq və azadlıqlarının müdafiəsi məqsədilə... bazar qiyməti icarə münasibətlərindən bu Qərarın qüvvəyə mindiyi tarixdən sonra əldə olunmuş gəlirdən vergitutma məqsədləri üçün istifadə edilə bilər”.
Yəni özəl maraqlar naminə dövlət maraqlarını qurban vermişdir. Bunu hardasa başa düşmək və qəbul etmək olar.
Amma dollar kreditləri məsələsində hər iki tərəf (bank və borc alan) özəl şəxslərdir. Buna görə də Konstitusiya Məhkəməsi deyə bilməz ki, əslində qanunu belə başa düşmək lazımdır, amma gəlin bu şərhi yalnız filan tarixdən tətbiq edək və tərəflərdən birinin maraqlarını digərinə görə qanunsuz qurban verək. Özü də bunu şərhindən sonra heç bir halda deyə bilməz!
Konstitusiya Məhkəməsinin şərhi üzrə qərardad qəbul etməsi təcrübəsi var, amma bu, tam başqa müstəvidir. Məsələn, Konstitusiya Məhkəməsi 31 may 2018-ci il və 25 iyul 2019-cu ildə kredit xətti üzrə zaminlik və ipoteka müqavilələrinə dair qərarlar qəbul etmişdi (həmin məsələ üzrə ölkədə konstitusion böhran da yaşandı, çünki Ali Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyi ilə hesablaşmırdı. Nə qədər təəccüblü olsa da, bankların əleyhinə: zaminin və ipoteka qoyanın iştirakı olmadan kredit xətti üzrə bağlanmış kredit sazişləri varsa, zaminliyə xitam verilməli, ipoteka müqaviləsi isə bağlanmamış hesab edilməlidir. Düzdür, dollar kreditləri üzrə qərarlarla müqayisədə elə də əhəmiyyətli deyil, amma hər halda bir neçə bank üçün bu qərarlar ciddi zərbə oldu. Bax, həmin sonuncu qərar üzrə 9 sentyabr 2019-cu ildə Məhkəmə qərardad qəbul edib dedi ki, o, “həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur”. Bankların xeyrinə olsa da, düzgün yanaşmadır: qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyini qorumaq lazımdır.
Amma təbii, Konstitusiya Məhkəməsi indi çıxıb qərardad qəbul edə bilməz ki, bankların əleyhinə, zamin və ipoteka qoyanların lehinə verdiyim bu qərarlar yalnız onların qəbulundan sonra bağlanmış əqdlərə aiddir. Bu, nəinki, ölkənin hüquq sistemini alt-üst edərdi, bizi bütün dünyada məsxərə obyektinə çevirərək, ölkənin hüquq və biznes mühitinə etimadı tam sarsıdardı. Çünki qeyri-müəyyənliyin hökm sürdüyü belə ölkəyə heç kəs sərmayə qoymaz!