Rusiya və Türkiyə milli valyutalarının dollar qarşısında dəyər itirməsi Azərbaycandan bu ölkələrə ixrac olunan narın qiymətinə və rəqabət qabiliyyətinə təsir edə bilər. Bu barədə FED.az-a bazar iştirakçıları bildiriblər.
Ölkənin nar ixracçılarından biri olan «Gilan Holdingdinq»dən FED.az-a verilən məlumata görə, Rusiyaya nar ixracına oktyabrda başlanacaq. Ötən il bu bazarda narın qiyməti 1 kiloqramı 1 -1,3 dollar (1,7- 2,2 manat və ya 60-80 rubl) olub. Hələlik yeni mövsüm üçün qiymət məlum olmasa da, şirkətdən bildirirlər ki, rublun dəyərdən düşməsi məhsulun rublla satış qiymətinə təsirini göstərəcək. İndi Rusiyada bir dolların 67 rubl olduğunu nəzərə alanda, ötən ilki qiymətlərin rublla ifadəsi 67-87 rubl olacaq. Bu isə məhsulun rəqabət qabiliyyətinə də təsirsiz ötüşməyəcək.
Türkiyəyə gəlincə, Gilan Holdinqdən bildirilir ki, hələlik şirkət Türkiyəyə nar ixrac etmir, amma bununla bağlı hazırlıqlar gedir. Şirkət Avropa, xüsusilə İtaliya və ABŞ-a da nar ixaracı etmək üçün hazırlıq görür.
Nar və nar məhsulu ixracatçılarından biri olan Azərsun Holdingdə isə FED.az-a bildirilib ki, bu məhsullar əsasən Rusiyaya ixrac edilir. Rusiya bazarlarında bu məhsullara tələbat böyük olduğuna görə, ixrac da çox yüksəkdir. Azərsunda bildirirlər ki, hələlik rubulun ucuzlaşması qiymətlərə və təlabata ciddi təsir etməyib: «Əvvəlki qiymətlər və təlabat olduğu kimi qalır».
Türkiyəyə gəlincə, bu ölkədə idxal gömürük rüsumu yüksək olduğu üçün ixrac Rusiya bazarları qədər deyil. Eyni zamanda Türkiyə bazarında istehsal yüksəkdir və dövlət daxili bazarı qorumaq üçün xaricdən gətirlən kənt təsərrüfatı məhsullarına yüksək gömürük rüsumu qoyulur.