Dünya ölkələrində biznes mühitin qiymətləndirilməsində əsas indikatorlardan olan «Doing Business» hesabatlarında pozuntular aşkarlanıb.
Eləcə də bax: Dünya Bankı ilə kredit müqaviləsi - İMZALANDI
FED.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb. Bankın məlumatına görə, artıq bununla bağlı araşdırma başlayıb və pozuntuların təsirinə məruz olan ölkələrlə bağlı hesabatlara dəyişiklik ediləcək. Eləcə də araşdırma aparılan dövrdə hesabatının dərc edilməsi dayandırılacaq.
Dünya Bankı Qrupu bu gün “Doing Business” hesabatı ilə əlaqədar aşağıdakı açıqlamanı verib:
«17 illik mövcudluğu müddətində “Doing Business” hesabatı biznes fəaliyyəti ilə məşğul olma xərclərini ölçmək istəyən ölkələr üçün dəyərli vasitə olmuşdur. “Doing Business” indikatorları və metodologiyası hansısa ayrıca götürülmüş ölkəni nəzərə almır, əksinə, ümumi biznes mühitinin yaxşılaşdırılmasına kömək edir.
2017 və 2019-cu illərin oktyabr ayında dərc olunmuş “Doing Business 2018” və “Doing Business 2020” hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı bir sıra pozuntuların olması məlum olmuşdur. Məlumatlarda bu dəyişikliklər “Doing Business” metodologiyasına uyğun olmamışdır.
Məlumatların və təhlilimizin etibarlığı və qərəzsizliyi son dərəcədə vacibdir və buna görə biz dərhal aşağıdakı tədbirləri görürük:
Biz son beş “Doing Business” hesabatı üçün institusional məlumatların araşdırılması prosesindən sonra baş verən məlumat dəyişikliklərinin sistematik şəkildə nəzərdən keçirilməsi və qiymətləndirilməsini aparırıq.
Biz Dünya Bankı Qrupunun müstəqil Daxili Audit funksiyasından “Doing Business” üçün məlumatların toplanması və ekspertizası proseslərinin və məlumatların bütövlüyünü qorumaq üçün
nəzarət sisteminin auditini aparmağı xahiş etmişik.
Biz müəyyənləşdirilmiş faktlara əsaslanaraq hərəkət edəcəyik və pozuntuların təsirinə ən çox məruz qalmış ölkələr üzrə məlumatları retrospektiv olaraq düzəldəcəyik.
Dünya Bankının İcraçı Direktorlar Şurasına, habelə məlumat pozuntularının təsirinə ən çox məruz qalmış ölkələrin hökumət orqanlarına vəziyyət haqqında məlumat verilmişdir.
“Doing Business” hesabatının dərc edilməsi qiymətləndirməmizin aparıldığı müddətdə dayandırılacaq».