24 yaşında oxumağı qərara ala Rəhim Məmmədov- Litvada təhsil alıb, 5 il ərzində 16 ölkədə yaşayıb, müxtəlif layihələrdə iştirak edib, “My broker”, “Camex.az”, “SKY-I travel”, “Cruises.az”, “Green City”, “Aero Tour”, “BİRLink”, “NZSVODKA”, “Enginet” brendlərində digital marketinq mütəxxəssisi kimi çalışıb. Hazırda “NZSVODKA”, “Enginet MMC” nin digital marketinq mütəxəssisidir.
Miqrant damğası
-2015-ci ildən etibarən Almaniyada və iş tapmaq cəhətdən Polşada əmək bazarı daha genişdir. Deyim ki, dünyada miqrantlar deyil, onlar vasitəsilə sahibkarlar qazanırlar. Sahibkar bilir miqrantdır, yerli adamın 10 avroya gördüyü işi, ona 5 avroya gördürür.
Miqrant damğası
-2015-ci ildən etibarən Almaniyada və iş tapmaq cəhətdən Polşada əmək bazarı daha genişdir. Deyim ki, dünyada miqrantlar deyil, onlar vasitəsilə sahibkarlar qazanırlar. Sahibkar bilir miqrantdır, yerli adamın 10 avroya gördüyü işi, ona 5 avroya gördürür.
Yəni, hər zaman miqrant olacaqsan. Bu damğa üstündə olacaq. 8-9 il öncə gedənlər daha rahat karyera qura bilərdi. İndi çətindir, gedən çoxdur, bazar doludur, tələbdən çox təklif var. Orada universitetdə oxumaqla da oranın dilini və mədəniyyətini tam bilə bilməzsiniz. Bizim 4 il ərzində öyrəndiklərimizi alman tələbələr orta məktəbdə öyrənirlər. Bünövrə xaricdən qoyulsa, başqa məsələ… Məsələn, məktəbi Litvada oxuyub, universitetə Almaniyada davam edirsənsə, bu zaman şansın çoxdur. Yoxsa, Azərbaycanda 11 illik təhsil alıb, gedib orada davam etməklə, başqa heç bir bacarığın yoxdursa, məncə, çətindi. Avropalıların özləri çətinliklə karyera qururlar”.
“İngilis dili ilə yanaşı alman və ya rus dilini öyrənin”
-Litvanı seçməkdə səbəb orada yaşamın daha ucuz olması idi. O vaxt Litvanın pulu avro deyil, lit idi. Dollardan litə çevirəndə 200-300 dollara rahat yaşaya bilərdin. Başqa ölkələrə keçəndə isə yaşayış çətin olurdu. Litva mənim üçün Şengen zonasına giriş üçün ən ucuz seçim idi. Bir də Almaniyanın ən məşhur universitetinin verdiyi şansları Litva da bir dövlət kimi mənə verirdi. Maddi baxımdan hesabladım, ona görə buranı seçdim.
Hazırda Litvada təhsil xərcləri bahadır. Mən oxuduğum zaman Vilnüsdə təhsil haqqı 1300 avro idi. Sonradan əcnəbi tələbələr üçün 2400 avroya qalxdı. Litvada yaşam xərcləri çox ucuzdur, vizasını almaq da rahatdır. Oturum üçün Almaniya və Polşa kimi bank hesabında çox pul tələb etmir. Yaşam tərzinə görə xərclər dəyişir. Məsələn, 5 avro 60 sentə bir aylıq avtobus kartı alırdım. Ondan limitsiz istifadə edirdim. 57 avroya yataqxanada qalırdım, yataqxana da həftədə 5 dəfə xadimə tərəfindən təmizlənirdi. Yataqxananın bir qəribəliyi var idi ki, qızlar və oğlanlar birlikdə idi. Ərzaq məhsullarının qiyməti də Azərbaycandakı ilə demək olar ki, eyni…
Orada sadəcə dil baryeri problem sayılırdı. İş tapmaq üçün Litva dilini, minimum rus dilini bilməli idin. Yeri gəlmişkən, xaricə gedənlər rus dilini öyrənib getsinlər.
Avropada bu dəqiqə trenddir. İngilis dili ilə yanaşı alman və ya rus dilini öyrənin. Fərqi yoxdur hansı ölkəyə gedirsiniz gedin, bu dillər trenddir. Çünki “Trivago” kimi hostel reklamları ortaya çıxdığı üçün rus və ya alman dilində danışanlara daha çox ehtiyac var. Litva keçmiş sovet ölkəsi olduğu üçün də orada rus dili keçir. Estoniyada isə bu dil keçmir. Mən Alyaskada belə rusla danışırdım, ora da keçmiş rus torpağı olub. NyuYorkda belə ruslar çoxdur, rus şirkətləri var. Rus dilini öyrənmək avropalılara çox çətindir, əlifba fərqlidir. Tanıdığım italyanlar var idi ki, rus dilini bilirdilər. Onlar İtaliyanın bir qəsəbəsində rus dili tərcüməçiliyi fakültəsində oxuyanlar idi. 4 il oxumalarına baxmayaraq, super danışa bilmirdilər. Vaxt gələcək Avropanın bəzi ölkələrində rus dili ingilis dili kimi məşhurlaşmış olacaq”.
Qərb və Şərq
-Avropada bir şey yaxşıdır ki, sənə lazım olanları öyrədir. Pis tərəfi isə bir istiqamət üzrə getməsidir. Qıraqdakı müəyyən şeyləri özün öyrənməlisən. Orada könüllülük , təcrübə proqramları var, bizdəkilərdən daha yaxşı işləyirlər. Bir neçə müsahibədən keçəndən sonra sizi seçirlər. Bizdə sahibkar işçini, işçi də sahibkarı aldadır. Təcrübə programı adı altında insanları mənimsəyirlər və programa gələnlər də istismar olunmaq istəmir. Nəticə etibarı ilə bir-birlərini yola verirlər .
Müsəlmanların yaxşı və bir pis xüsusiyyəti var. Pis odur ki, toxunmasaq ala bilmirik, ona görə, onlayn satışlar indi inkişaf edir. Yaxşı xüsusiyyət isə odur ki, bizi inandırmaq da çətindir, dayandırmaq da. Bu baxımdan bir az çətinlik yaşanılır. Azərbaycan bazarı təkrarçıdır. Bizim millətin çox hissəsi qısa yoldan pul qazanmağa çalışır , hər şeyi qısa yoldan həll etmək istəyir. Bir şeyi dərindən öyrənmək istəmirik . Karyera , uğur bizim üçün pul və əşyalardır. Görünüşə önəm verirlər. Məsələn, bu gün qonşum dönər satırsa, onun nə qədər zülm çəkdiyini yox, qazandığı pulu görürük. Başımız çıxdı çıxmadı, onu edirik və qiymət öldürürük”.
Qayıdış
-Qaydışımın başqa bir hekayəsi var . Belarusiyadan qayıtmaq qərarına gəldim. Həm biletlər ucuz idi, həm də bir az qalıb, gəzərəm dedim. Amma onlayn bilet alanda uçuş tarixini səhv almışdım və uça bilmədim. Bileti qaytardım. Qərar gəldim ki, qatar, avtobusdan istifadə edərək Azərbaycana gedim. Qatarla Rusiyaya keçdim, orada bir az qaldım. Sonra avtobusla Rusiyanın Soçi şəhərinə getdim və ordan da avtobusla Bakıya yollandım. Qısası, 17 günə Azərbaycana gəlib çıxdım.
Azərbaycana yeni gələndə problem yaşanırdı. Böyük şirkətlər məni işə götürmürdü, deyirdilər sizin kimi insanları idarə etmək çətindir. İkinci tərəfdən deyirdilər ki, Azərbaycan bazarını tanımırsan və haqlı idilər. Ona görə bir müddət oteldə işlədim. 5 il əvvəl qoyub getdiyim Azərbaycanla indiki çox fərqlidir. Düşüncələr, davranışlar, insanlar tamam dəyişib, saxtalaşmağa doğru gedirik. Amma içimizdə elə insanlar var ki, artıq peşəkarlaşıblar. Müəyyən ideyalar var idi ki, şirkətlərə çatmırdı. Potensialı ortaya çıxarmaq üçün platforma yox idi, amma indi Enginet MMC və NZSVODKA var. Elə dövrdür ki, insanlardan informasiya gizlədə, yalan danışa bilmirsən. İlk 6 ayda çox problemlər yaşadım, aldandım. Həttda bir ara ixtisasım və sevdiyim iş olan marketinqin daşını atıb, müəllimlik etmək istəyirdim . Amma valideynlərim, xüsusilə də anam icazə vermədi. Anam dedi ki, məllim olacaqdınsa, niyə gedib oxumusan, burada qalardın da. Bacardıqları qədər səbr etdilər və maddi cəhətdən sıxıntı yaşatmadılar. Ailəm tələbəlik ilərimdə də hər zaman maddi dəstəklərini əsirgəmirdilər.
Azərbaycanda marketinq
-Bu gün bizim sadə hesab etdiyimiz “facebook” belə Azərbaycan bazarını darmadığın edib. 10 il öncə tort bişirən birinin müəyyən ərazidən kənara çıxma şansı yox idi. Bunun üçün ya TV, radio, metro reklamı lazım idi. Buna da o qədər imkanı çatmırdı. İndi facebook var, 5 dollara 3000 adamla görüşürsüz. Müəyyən ərazidən virtual olaraq kənara çıxa bilirsiz. Bu, artıq böyük şirkətlərə sərf eləmir. Bu gün “AZZA” kimi şirkətlər əziyyət çəkir, çünki onun bazarına giriblər. 2 manatlıq məhsulu bizə 10 manata satırdılarsa, indi endirim etməyə məcburdular. Bu sahədə inkişaf var. Problemimiz budur ki, hər şeyi üzdən öyrənirik. Qısası, 10 il öncə müştəri ilə kommunikasiya çox bahalı idi, amma indi ucuzlaşıb. Bu da bazarda rəqabəti və müştərinin seçimini artırıb. Mən çox şadam ki , Azərbaycan bazarında artıq müştərinin azad seçimi var. Bir çox sektorda (xüsusilə də özəl sektorlarda) marketoloqu artıq vəzifə kimi hesab edirlər. İkinci sevindiyim məqam odur ki , Azərbaycan bazarı artıq savadlı kadra ehtiyac duyur və “adamı olmaq” mövzusu artıq azalır. Hazırda sahibkar qazanc əldə etmək üçün profesional komanda ilə müştəri məmnuniyyəti verməli və rəqabətə tab gətirmək üçün düzgün Marketing və PR strategiyası olmalıdır.
“…qəşəng qız, amma alanı yoxdur”
-Sizə işə müraciətlərimdən danışım.(gülür) Müsahibəyə çağırıb, sual verirdilər ki, bu malı necə satarsan? Danışırdım, hər müsahibə də 2-3 saat çəkməli idi. İndiyə qədər 15 dəqiqə çəkən iş görüşməsi olmayıb. Hər şey 15 dəqiqə ciddi olur, sonra səmimi söhbətə başlayırıq. Başlayıb necə satmaq lazım olduğunu deyirəm. Sonra deyirlər sizə zəng vuracağıq. Səhəri görürəm ki, dediklərimin hamısını cümlə- cümlə “facebook” da media planındadır.
Dediyim bir sözü buraxmayıblar, hamısını yazıblar. Bura gəldikdən sonra dekabrda öz Rəqamsal Marketinq Agentliyimi açdım. Bu da 2017-2018 trendi “Özünə işlə kiməsə işləmə” trendi idi. Məqsəd agentlik açmaq yox, sadəcə, fiziki şəxs olaraq qanuni şəkildə işləmək idi. Çünki məndə məqsəd balaca şirkətlərdə deyil, holdinqlərdə işləmək idi. Buna görə də mənə portfel gərəkirdi və onu da freelancer kimi yığdım.
4 ay ərzində turizm agentlikləri, bağçalarla işlədim. Bu, əslində mənə tərs bir şey idi, amma bazar bunu istədiyinə görə, belə etdim. Sonra 7 gün ərzində 9 şirkətlə görüşdə oldum. İndi işlədiyim şirkətlə artıq onuncu görüş idi. 2 saat yarımdan çox gözəl müsahibə oldu, hətta məndən sonra gözləyəni də yola salmışdılar. Bildiyiniz çay süfrəsi idi. Sağollaşanda mənə zəng vurub çağıracaqlarını dedilər. Qapıdan çıxanda ayaq saxladım. Dedim bilirsiz sizinki nəyə oxşayır? Bir həftədə onuncu iş görüşməsidir. Dünən “mama” soruşur ki, nə oldu iş tapmadın. Ona deyirəm ki, mama, qəşəng qızlar olur e, deyirlər nə qəşəngdi, amma alan olmur. Mən indi o tipdə bir adamam. Hamı bəyənir, amma alan yoxdu. Sonra dedilər gəl, otur, anladıq səni. Yenidən oturdum, mövzu davam elədi. 2 gün sonra şirkətdən zəng vurub dedilər ki, Rəhim biz səni “alırıq”, sabahdan işə çıxa bilərsən”.
3 kiloqramlıq kolleksiya
-Hər insan bir şeydən motivasiya alır. Mən getdiyim ölkələrdən bayraq kolleksiyası toplamağı sevirdim. Pul, suvenir kolleksiyam var. Müharibə gördüyümə görə, bayraq mənim üçün həmişə önəmlidir. Şirkətlərə layihə təqdimatına gedəndə həmişə bayraqlarla gedirdik. Çoxu deyir ki, 3 kiloluq şeyi özünlə niyə gəzdirirsən. Sadəcə, mən bayraqları əlimə alanda özümü yaxşı hiss edirəm.
15 il Nyu-Yorku arzulamışam.
Türkiyənin reklamlarına baxıb oranın reklam şirkətlərinin birində işləməyi xəyal etmişdim. Hamısını elədim. Bura qayıdandan sonra hamı soruşurdu ki, niyə qayıtmısan? Onlara izah edə bilmirəm ki, hərə bir şeydən motivasiya alır. Mənim kimi bir çox insanlar var ki, hədəfimiz üçün dünyanı gəzmişik və gecə-gündüz mübarizə aparmışıq. İnsanlar elə fikirləşir ki, 6 aydan bir ölkə dəyişmək rahatdır, amma elə deyil. Alyaskada gecə olmurdu, həmişə gündüz idi. Təsəvvür edin, bioloji olaraq saata dözmək var. Gecə-gündüz eyni həyatı yaşayan orqanizm, ancaq bəyaz gecələr olan ölkədədir. Getdiyimiz yerlərdə də uzun müddət qalırdıq. Gündüzə öyrəşmiş bir insan köçür NyuYorka; Alyaskayla bura arasında 4 saat fərq var.
Oradan da köçürsən, Almaniyaya, burada isə 12 saat yarımlıq fərq yaşayırsan . Ona artıq bədən dözmür. Sonra soyuğa-Litvaya qayıdırsan. Türkiyəyə qayıdıb, dövlət çevrilişinə düşürsən. Adam yorulur. Mən qardaşımın oğluyla yeni tanış olmuşam. Real həyatda məni görməmişdi. Məni geri gətirən bacı-qardaşımın övladlarının uşaqlığını görmək idi. Uşağın yağış , qar , heyvanlarla ilk tanışlığı necə olur, onu qaçırmışdım. Bir uşağın ətrafla ilk tanışlığının isə şahidi oldum.
Ananın xəyalı…
-Anamın ən böyük xəyalı idi, oğlum böyüyəcək işləyəcək hər səhər durub ona yemək hazırlayacam. Qadın hər səhər 7-də durub mənə yemək hazırlayır. Paltar, qab yumursan, ev təmizləmirsən, normal yeyib-içirsən. Gözəl bir şeydir. Hər şeyim olacaq, hər şey yaxşı olacaq. Çünki bunun üçün kifayət qədər əziyyət çəkmişəm. Ən azından həyatımda “kaş ki edərdim” kəlməsi azdır. Kimisi buna Tanrı, iqtisadiyyatda isə “görünməyən əl” deyirlər. İnsan taleyini heç vaxt yaza bilmir. Deyirlər, insan nə istəsə edə bilər, yalan söhbətdir. Təbiəti və dünyanı idarə edən bir şey var. O sənə icazə vermirsə, olmayacaq. Məsələn, Barak Obama 35 yaşında prezident oldu. İndiki prezidentin isə 65 yaşı var. Tramp istəsəydi Obamadan da qabaq prezident olardı, çünki ondan imkanlı idi.
“…bir insanın evi varsa, o həyatda çox şeyə nail ola bilər”
-“Arada mənə deyirlər niyə öz işini qurmursan? Uşaqlar zarafat edirlər ki, get yat sabah kimisə varlandıracaqsan. Həqqiqətən marketoloq olmaq müəllim olmaq kimi bir şeydir . Müəllimlər şagird yetişdirir, onlar gedir uğur qazanır və gözəl evlərdə yaşayır, amma müəllim yenə də müəllim qalır . Marketoloqlarda, həmçinin şirkətləri brend edirlər, amma özlərini deyil. Yəni hər səhər durub kimisə varlandırılar. Mənə belə xoşdu. Ofisdə oturub işimi görəndə motivasiya alıram. Düzdür, burada azadlığı itirdim, amma azadlığı qazanmaq üçün rahatlığı qazanmalısan. Əgər sənin qarnın toxdursa, maddi sıxıntın çox deyilsə, daha rahat fikirləşə bilirsən. Çox pul çox xoşbəxtlik deyil. Mənə görə, bir insanın evi varsa, o həyatda çox şeyə nail ola bilər. Çünki ayın axırı heç kəs onun qapısını döyməyəcək ki, kirayə pulunu ver”.
Gələcək planlar
-Təhsilimi davam etdirməyi, hələ ki düşünmürəm. Hədəfim ya Los Anceles, ya da Kaliforniyadır. Avropa istəmirəm, orada dil baryeri var. Mövzu karyera qurmaqdısa, dili mükəmməl bilməlisən. Nə qədər mükəmməl bilsən də alman qədər bilə bilməzsən.
Mənə görə ingilis dili ən rahat dildir. İspan və alman dilinin qrammatikası rus dilinə bənzəyir. Şəxsə görə dəyişmə var, cümlənin strukturunu tutmaq olmur. Alman dili məndə çətinlik törətdi, çünki ikinci əsas dilim ingilis dili idi. İngilis dili mənə alman kimi fikirləşməyə imkan vermirdi. Bir cümləni mən Azərbaycan dilinə Azərbaycan dilindən ingilis dilinə, sonra alman dilinə çevirməli idim. Alman sözləri ingilislərə yaxındır, içindən bir -iki hərf çıxarıb dil düzəldiblər.(gülür) Necə ki, Ukrayna dilini rus dilindən iki-üç söz çıxarıb dil düzəldiblər elə”.
Rus dilində alman dili öyrənmək
-Birinci dil kimi alman dilini öyrənsəydim rahat olardı. Mən Almaniyaya getməmiş Litvada ev müəllimi tutmuşdum. Ucuz və sərfəli versiya idi. Rus dilində mənə alman dili öyrədirdilər. Çox qarmaqarışıq bir şey idi. Müəllim ingilis dilini, mən də rus dilini yaxşı bilmirdim. Amma alman dilini öyrənirdik. Çıxış yolum yox idi, öyrənməliydim. Həyatda elə insanlar var ki, variantı olmur. Fərz edək ki, dənizdəsiniz qarşıda bir ada var, üzsən də öləcəksən, üzməsən də. Mən üzürəm ki, adaya çatma ehtimalım olsun. Hazırda alman dilini istifadə etmirəm, heç ingilis dilini də. Həftə sonları “conversation” lara gedirəm ki, dili unutmayım. Oteldə işləyəndə ingilis dilini istifadə edirdim. O da 6-dan sonra ingilis dili bilənlərlə bir az danışırdıq. Mənə görə, dil bilmək insanın intellekt səviyyəsinin ölçmək idi. Düşünürdüm ki, bir insan dil bilirsə, onun düşüncə tərzi başqa olmalıdır. Azərbaycanda otelə girib işləyəndən sonra bildim ki, ingilis dilini bilən intellekti olmayanlar da var”.
Müəllim və ya tələbə
-Hazırda iki tələbəm var. Biri 6 yaşındadır, ona ingilis dili öyrədəcəyəm. Bir il əvvəl öyrətmişdim, amma şifahi formada öyrənmişdi. Anası rus dilini də elə öyrənmişdi deyə rahat gəldi. Mənim rəsm müəllimimin oğludur. Bekar olanda rəsm kursuna da gedirəm.(gülür) Həftədə iki dəfə idmana, iki dəfə rəsmə gedirəm, iki dəfə ingilis dilindən dərs verirəm. İşim 5 dəfə saat 6-7-ə qədər davam edir. İnanın təhsil önəmli bir şeydir. Düz xətt çəkə bilməyən insana indi fiqurları çəkdirirlər, mənə texnikasını öyrədiblər. Gələn aydan bəlkə rus dilinə başladım. Çalışdığım qədər həyatımı doldururam ki, ətraf təsir etməsin.
Mənə deyirlər ki, o qədər ölkə gəzmisən niyə geri qayıdıbsan? Çox insan məni uğursuz insan hesab edir, amma məncə, kifayət qədər uğurlu insanam . Bu, bizdə belə qəbul edilir, amma mənim kimi insanlar xaricdə uğurlu hesab olunur. Özümü uğurlu hesab edirəm, çünki təslim olmamışam. Həyatımı 6 dəfə sıfırdan qurmuşam və bacardığım qədər dolu -dolu yaşamışam. Peşman da deyiləm. Amma gəl bunu bizimkilərə izah et. Ona görə elə edirəm ki, evə yatmağa gedim. Bir də sadə geyinirəm, heç bilmirlər ki xaricdə oxumuşam”.
Cərimə olaraq verilən qab yumaq hobbiyə çevrilir
-Alyaskada oteldə əməliyyat menecer asistantı işləyirdim . Bir gün saatları səhv salıb 2 saat müştəri gözlətmişdim. Sonra mənə cərimə verdilər. İşdən sonra qalıb qabları yudum. Ondan sonra qab yumağı sevdim, adam stress atır. Əsəbləşəndə qab yuyurdum. Ən rahat işlərdən biri idi.(gülür)
Mənə deyirdilər qab yumağa niyə belə həvəslisən. Şənbə- bazarlar da vaxtım olanda gedib qab yuyurdum, ya da kartof doğrayırdım. Orada aşpazlıq da öyrənmişdim, hətta sertifikatını da aldım. Sora başladım Alyaskanı gəzməyə, çünki mənə 5 həftəlik yerinə 4 aylıq vizanı səhv vermişdilər. Qayıtmaq istəyəndə, şirkətə sərf etmədiyi üçün neynirsən elə qal dedilər. Özümə də ziyan idi, çünki “qara siyahı”yasalacaqdılar, getdi bacarmadı. Onlar da məndən sonra 28-29 yaşlı müştərilər qazandı. Onlara cığır açılması lazım idi. Orada Denalidə qalırdım, guya, şəhər idi, 5 mərtəbədən yuxarı bina yox idi.
Özüm üçün gəzirdim, yemək üçün işləyirdim, maraqlı idi. Otel sistemini Amerikada öyrəndim. Alyaskada ən çox əziyyət çəkdiyim insanların məni homoseksual görməyi idi. Guya bunlarda gün qısadı, iyul ayında ən uzun gün kimi parti təşkil edirdilər. Başa düşmürdüm gecəsi olmayan bir ölkədə niyə ən uzun gün qeyd edirlər. Düşündüm partiyə gəlirlər yəqin bəzənib gələrlər, mən də səliqəli geyinib getdim. Girdim partiyə elə bil ki, vampirlərin arasına təzə qan gəlib. (gülür) Hamı iş paltarında idi. Bir oğlan yaxınlaşdı dedi, nə qəşəng ayaqqabıların var. Bildim söhbət başqa yerə gedir, dedim çox sağ ol bilirəm. Sonra biri də yaxınlaşdı, dedi niyə belə qəşəng görünürsən? 2-3 nəfəri belə yola saldım. Hələ də şokda idim. İnsanların mənə baxdığını görürdüm. Sonra bir xanım yaxınlaşdı, o da burada qonaq idi, Feyrbanks şəhərindən gəlmişdi. Yaxınlaşan kimi dedim ki, bilirəm ayaqqabım qəşəngdi, səliqəli görünürəm, gey deyiləm. Dedi bunları bilirəm, hardan gəlmisən? Sənin kimi təmiz adamı tapmaq çətindir. İstanbulu tanıdıqlarına görə, dedim türkəm. Dedi çox türk görmüşəm sənin qədər olmayıb. Alyaskada özünə baxan, səliqəli olanlar homo tipinə aid idi. İtaliyada əziyyət çəkmirdim, çünki onlar dəbli geyinirlər. Almaniyada alman dilində əziyyət çəkirdim, danışanda aksent bilinirdi, yumşaq danışırdım, alman aksenti də kobuddur deyə yaxşı çıxmırdı. İngilis aksenti ilə danışdığıma görə çox “nijni-mijni” çıxırdı. Fikirləşirdilər problemliyəm. Azərbaycanda da insanlarla “siz”lə danışdığım və səbrli olduğum üçün onlar da bir ara elə fikirləşirdilər”.
“Çalışdığım şirkətdən bir marka olaraq motivasiya alıram”
-Hazırda çalışdığım şirkəti çox sevirəm, çünki yalnız məhsulunu satmır, mühitin, cəmiyyətin qayğısına qalırlar. Məsələn, bizdə “Patriot” tarifi var ki, şirkət oradan heç bir gəlir əldə etmir. Şəhid ailələri, veteranlar üçün endirimli paketdir. Bundan başqa “Özəlsən” tarifi ilə əlillər endirimli məhsul əldə edə bilirlər. “Tələbə” tarifində isə tələbə kartıyla daha ucuz internet əldə edə bilirlər. İndiki dövrdə camaat evində ac qalır, amma internetsiz qalmır. Söhbət maddiyata qalsa oteldə işləyəndə daha çox qazanırdım, amma burada daha rahatam. Bir marka olaraq məni motivasiya edir. Mənlə işləmək onlar üçün çox çətin oldu. Təlimlərdə hər gün eyni sualları həmin insanlara verirdim, onlar da hər dəfə səbrlə eyni suala cavab verirdilər. Bu gün qazandığım bir çox uğurlar komandaya görədir”.