Daşkənd Azərbaycan şirkətləri ilə ümumi məbləği 400 milyon dollar olan bir sıra sazişlər imzalayıb.
FED.az xəbər verir ki, bu barədə Daşkənd şəhər rəhbərinin müavini Şarof Rəhmanov "O'zbekiston 24" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, tərəfdaşlığın dərinləşdirilməsi üçün əsas Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ildə Özbəkistana səfəri zamanı qoyulub. O zaman Daşkənd və Bakı meriyaları arasında ikitərəfli əməkdaşlığın inkişafı haqqında saziş imzalanıb, "yol xəritəsi" və birgə tədbirlər planı təsdiqlənib.
Hazırkı səfər çərçivəsində xidmət sahəsində altı yeni saziş imzalanıb. Bunların arasında Daşkənddə beşulduzlu mehmanxana, yaşayış məhəlləsi və ticarət-əyləncə kompleksinin tikintisi layihələri, həmçinin Azərbaycan kapitalının iştirakı ilə mehmanxana, restoran şəbəkəsinin açılması var.
Bakıda "Özbəkistan" parkının tikilməsi təşəbbüsünə xüsusi diqqət yetirilir. Cavab olaraq, qarşılıqlı əsasda, Daşkənddə "Azərbaycan" parkının yaradılması planlaşdırılır.
Dövlət başçıları iyulun 2-də Azərbaycanın paytaxtında "Özbəkistan" parkının tikintisinə rəsmi start veriblər. Layihənin dəyəri 80 milyon dollardır. Mədəni-əyləncə kompleksi 4,5 hektar ərazidə yerləşəcək. Buxara, Səmərqənd və Xivanın tarixi irsindən ilhamlanmış memarlıq obyektlərini əhatə edəcək. Tikinti işləri iki il çəkəcək. (Report)