Fransanın ərzaq nəhəngi “Danone” Azərbaycanın “Balxurma” şirkətinin istehsalı olan quru meyvələri istifadə edəcək. Bunu şirkətin biznesin inkişafı və insan resursları departamentinin rəhbəri Elnur Sadıqov deyib.
E.Sadıqovun sözlərinə görə, hazırda “Danone” şirkəti ilə danışıqlar aparılır. “Şirkət yoqurt istehsalında Azərbaycan quru meyvələrini istifadə etməyi planlaşdırır. Onların standartlarına uyğun olmaq üçün biz Balakən şəhərindəki müəssisəmizdə yeni avadanlıq quraşdırmağı planlaşdırırıq. Müqavilənin 2019-cu ildə imzalanması nəzərdə tutulur”.
Qeyd edək ki, “Balxurma” şirkəti 2016-cı ildə fəaliyyətə başlayıb. Şirkətin həftəlik istehsalat gücün 20 ton təşkil edir. Hazırda şirkətdə 100-ə yaxın işçi çalışır.