Regionlarda yeni mikro və kiçik sahibkarlıq subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların maraqlarının müdafiəsinə, onların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu şəbəkəsinin əhatə dairəsi genişləndirilir.
FED.az xəbər verir ki, Lənkəran–Astara iqtisadi rayonu üzrə sayca 4-cü KOB dostu Astara rayonunda fəaliyyətə başlayıb. Bununla da KOBİA-nın fəaliyyətə başlamasının 4-cü ilində KOB dostu şəbəkəsi Astara da daxil olmaqla 29 şəhər və rayonu əhatə edir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyət istiqamətləri və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, Astara və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı KOB dostuna müraciət edə bilərlər. KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına dövlət dəstəyini, o cümlədən KOBİA-nın xidmətlərini yerində təmin edəcək. Həmçinin, KOB dostu sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli, eləcə də biznes subyektlərinin inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev KOB dostunun Astarada fəaliyyətə başlamasının rayonda sahibkarlığın inkişafına, yeni biznes subyektlərinin yaranmasına öz töhfəsini verəcəyini vurğulayıb.
Tədbirdə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.
Sonra tədbir iştirakçıları Astara Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarların qəbulu, onlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. KOB dostu ofisində “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir.
Həmin gün KOBİA-nın nümayəndələri Biləsuvar rayonunda KOB İnkişaf Mərkəzinin (KOBİM) fəaliyyəti ilə tanış olublar. Qeyd edək ki, Masallı-Cəlilabad-Biləsuvar KOBİM ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərindən biridir. Digər KOBİM-lərdə olduğu kimi burada da müvafiq rayonda fəaliyyət göstərən sahibkarların, startapların və biznesə yeni başlamaq istəyən şəxslərin sahibkarlıq sahəsində biliklərinin və məlumatlığının artırılması üçün təlimlər keçirilir, məsləhət və digər xidmətlər göstərilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.