Fevralın 9-da keçiriləcək parlament seçkilərində ölkənin bir sıra iş adamları da iştirak edəcək.
FED.az xəbər verir ki, onlardan biri «Minera» şirkətlər qrupunun sahibi Xudaqulu Rzayevdir.
Eləcə də bax: İri mebel şirkətinin və kredit təşkilatının təsisçisi - DEPUTAT OLA BİLƏR
FED.az xəbər verir ki, X.Rzayevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfirndən irəli sürülüb. İş adamı Bakıda, 18 saylı Nərimanov-Nizami seçki dairəsində mübarizə aparacaq.
Rzayev Xudu Əhəd oğlu 1962-ci il yanvar ayının 30–da Ordubad rayonunun Behrud kəndində anadan olub. Kalinin adına Leninqrad Politexnik İnstitutunu və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Sankt-Peterburq şəhərində “Avrora” EİB-də usta, sonralar isə növbə rəisi, “20-ci paralel” müəssisəsində kommersiya direktoru işləyib. 1994-1996-cı illərdə “Şumer” firmasında kommersiya direktoru vəzifəsində çalışıb. 1996-cı ildə İlandağ-SA şirkətini, 2007-ci ildə “Baytaş-Bakı”, 2001-ci ildə Qaranti İnşaat, 2010-cu ildə “Dəniz” Bağça və 2011-ci ildə “Evrika” liseyi müəssisələrini təsis edib.
2012-ci ildə firmaların çox illik fəaliyyətlərini ümumiləşdirərək yeni “Minera” MMC şirkətini təsis edib və təsisçisi olduğu digər təşkilatların fəaliyyətini“Minera” şirkətlər qrupu adı altında inkişaf etdirir.
«Xudu Rzayev geniş əhatəli ictimaiyyət tərəfindən nüfuzlu iş adamı olmaqla yanaşı həm də əməlləri ilə yadda qalan bir xeyriyyəçi kimi tanınmaqdadır. Onlarla faktlar Xudu Rzayevin dövlətçiliyimizə sadiq, millətinə və xalqına vurğun olan böyük mənəvi dəyərlərə malik bir insan oldugunu sübut edir»-deyə X.Rzayevin təsisçisi və sahib olduğu «Minera» şirkətlər qrupunun rəsmi səhifəsində bildirilir.
Qeyd edək ki, «Minera» Şirkətlər Qrupu tikinti materiallarının istehsalı və satışı, təmir-tikinti sahələrində fəaliyyət göstərir. Bakıdakı köhnə tikililərin bərpası, üzlənməsi və əsaslı təmiri işlərinin bir hissəsi ona tapşırılır. «Şirkətimizdə aparıcı mütəxəssislərin və işçi qrupunun fəaliyyət göstərməsi bizə bir sıra layihələrin birbaşa icra olunmasına və təhvil verilməsinə imkan yaradır. Məhz bunun nəticəsidir ki, böyük önəm kəsb edən bir sıra dövlət sifarişli layihələr birbaşa Minera Şirkətlər Qrupu tərəfindən həyata keçirilir.Minera Şirkətlər Qrupu yalnız tikinti sahəsində deyil eyni zamanda köhnə tikililərin yenidən bərpası, üzlənilməsi və əsaslı təmiri xidmətlərinidə həyata keçirir»-deyə şirətdən bildirilir.
Bakıda yerləşən Minera Satış Mərkəzi bina və mənzillərin daxili və xarici işlənilməsi üçün məhsulların idxalı və topdan satışı ilə məşğuldur. Şirkət Almaniyanın “Knauf”, “AMF”, Türkiyənin “Baytaş”, “Günal alüminium”, yerli “Gilan-Knauf” və s. şirkətlərinin rəsmi dileridir.
Minera Profil “Minera" şirkətlər qrupunun bir bölməsidir. 2008-ci ildə Baytaş-Bakı adı ilə qurulub. Alçıpan və PVC profilləri və aksesuarlarının istehsalı və satışı ilə məşğuldur. 2013-cü ildən etibarən şirkət Minera Plast markalı müxtəlif plastik məhsulların istehsalına da başlayıb. Minera şirkəti həmçinin sement istehsalçılarındandır.
Bundan əlavə, FED.az araşdırmaçı jurnalist Hafiz Babayevə istinadən xəbər verir ki, Xudaqulu Rzayevin Qəbələ rayonunda torpaq sahələri var. 2016-cı ildən Türkiyədə təsis olunan ALMAS YAPI İŞLERİ İNŞAAT TAAHHÜT İTHALAT İHRACAT VE TURİZM SANAYİ TİCARET A. Ş.-nin 3 təsisçisindən biridir.
Xudaqulu Rzayevin qardaşlarından biri - Əbülfət Rzayev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, digər qardaşı - Abbas Rzayev Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimidir.