Qida təhlükəsizliyi ilə bağlı xidmətlərin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi ilə əlaqədar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, "Memorandumu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıb. Bundan sonra Qida Təhlükəsizliyi Agentliyinin 14 xidməti bütün "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.
Memoranduma əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati, hüquqi, maarifləndirici işlərin hazırlanması və həyata keçirilməsi "ASAN xidmət" mərkəzləri vasitəsilə təmin olunacaq.
Həmçinin "ASAN xidmət" təcrübəsinin öyrənilməsi, xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının formalaşdırılması, ASAN könüllülərinin potensialından istifadə olunması, o cümlədən "ABAD" publik hüquqi şəxslə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.