Bu il ölkə səviyyəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü qeyd olunub. Facemark.az əvvəlki məqaləsində Cümhuriyyətin 100 illiyinin qeyd edilməsinin yerli bir çox şirkətlərin kampaniyalarının mövzusu olduğundan yazmışdı. Bu dəfə isə sizə şirkətlərin, qurumların sosial məsuliyyət çərçivəsində hazırlamış olduqları layihələrdən bəhs edəcəyik.
Qeyd edək ki, Azərbaycanın Dövlət başçısı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Adıçəkilən Sərəncama əsasən, Nazirlər Kabineti müvafiq tədbirlər planı hazırlayıb həyata keçirilməli idi. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Azərbaycan prezidentinin qərarına əsasən, 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” də elan edilmişdi.
FED.az Facemark.az-a istinadən həmin layihələri təqdim edir.
Bank Respublika
“Bank Respublika”nın sosial məsuliyyət layihəsi çərçivəsində “İstiqlaliyyət bədii-sənədli filmini təqdim etdi. Film sosial platforma istifadəçiləri arasında maraqla qarşılanıb. Elə bunun nəticəsidir ki, bir həftə öncə paylaşılan video 180 000 baxış sayı toplayıb, 204 nəfər filmi dostları ilə paylaşıb, 943 nəfər isə bəyənib.
Bank “İstiqlaliyyət” bədii-sənədli filmi ilə bərabər, Cümhuriyyətin 100 illiyinə həsr olunan xüsusi bank kartları istifadəyə verib. Yubiley kartları eksklüziv dizaynda və 2 000 ədəd olmaqla məhdud sayda buraxılıb.
Bank Respublika Ailəsi Cümhuriyyətin 100 illiyi çərçivəsində Rəhbərlik və bankın bütün filial işçilərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.
Bundan başqa, bank tələbələr arasında AXC haqqında yazı müsabiqəsi elan edib. Müsabiqədə bütün universitetlər iştirak edib.
https://www.facebook.com/BankRespublika/posts/1836203013093277
“Bank Respublika” sosial məsuliyyət layihəsi çərçivəsində Sumqayıtda yerləşən internat məktəbinin uşaqlarını birinci dəfə Bakıya ekskursiyaya aparıb. Uşaqlar Bakıda Tarix Muzeyinə baş çəkib və Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünə aid məlumatlar alıblar.
Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı, “ASAN xidmət” və “ASAN Radio” “100 İLLİK TARİX” layihəsini təqdim etmişdir. Layihə 3 silsilədən ibarət idi. Təkcə sonuncu videoya 84 min insan baxıb, 491 nəfər isə dostları ilə bölüşüb. Video çarx minlərlə şərh alıb.
Azsığorta ASC
“Azsığorta” ASC də ölkə səviyyəsində qeyd olunan hadisəyə biganə qalmadı.
“Ölkəmizin tükənməz uğurlara qədəm qoyduğu bir dövrdə Cümhuriyyətimizin 100 İlliyini qeyd etməyin sevinc və qürur hissini yaşayırıq! Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bayrağımızın daima yüksəklərdə dalğalanması diləyiylə, 100 yaşın mübarək! Həmişə Dövlətli ol, Azərbaycan!”,- deyərək sosial məsuliyyət layihəsini “Facebook” sosial platforması üzərindən yayımladı. Filmə nə az nə çox, düz 456 000 nəfər baxıb. 4300-dən çox şəxs paylaşıb, 11 000 bəyənmə alıb. Film ilə bağlı 400-ə yaxın şərh gəlib.
Expressbank
“Expressbank” da sosial məsuliyyət layihəsinə qoşulan banklardan biri oldu. Bank “Əbədi yaşa, doğma AZƏRBAYCAN!” deyərək, Cümhuriyyətin 100 illiyi ilə bağlı layihəsini təqdim etdi.
BP Azərbaycan şirkəti
Bir müddət öncə Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Son iclas” bədii-sənədli filminin treylerini təqdim edilmişdi. Daha sonra isə 28 may günü film insanların nümayişinə təqdim edildi. Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Film Azərbaycanın yerli televiziya kanallarında da nümayiş edilib. Filmin treyleri “Facebook” platforması üzərindən 25 000 baxış sayı toplayıb, 313 nəfər postu dostları ilə paylaşıb, 600-dən çox nəfər isə bəyənib.
Baku Media Mərkəzi filmin tam versiyasını YouTube platforması üzərindən paylaşıb. Həmin filmə aşağıda paylaşdığımız video çarxda baxa bilərsiniz.
NAR
“Bu videonu hazırlayanda kövrəlmişik də, sevinmişik də, qürurlanmışıq da...
İnanmışıq ki, o avtomobil sürücüləri də, arabadakı uşaq da, ağsaqqal baba da, ölkəmizə qonaq gəlmiş o xaricilər də - hamı Azərbaycanın şanlı tarixiylə fəxr edəcək. İnanmışıq ki, körpə balalarımız da, nənə-babalarımız da, bacı-qardaşlarımız da ölkəmizin gələcəyini daha parlaq görəcək. İnanmışıq ki, Şanlı Cümhuriyyətimizin təkcə 100 ilini deyil, 1∞ illərini qeyd edəcəyik.Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”, - deyərək sosial məsuliyyət layihəsini hər kəs ilə paylaşdı.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi Rəhbəri və 20 Üzv Dövlətin Bakıdakı Səfirləri hər birinizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrik postunda deyilirdi “Ad günün mübarək, Azərbaycan!”