Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan "Coca-Cola" şirkəti biznesin yenidən təşkili çərçivəsində 4 min əməkdaşına könüllü işdən çıxmağı təklif edəcək.
Eləcə də bax: "Coca-Cola" sosial şəbəkələrdə reklam yerləşdirməkdən - İMTİNA EDİR
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
"Struktur dəyişikliklərinin təsirini minimuma endirmək üçün şirkət bu gün işçilərə uyğun olduqları təqdirdə müavinət almaq imkanı verəcək könüllü işdən azadetmə proqramını elan edib. Proqram müavinətin artırılmasını nəzərdə tutur və ABŞ, Kanada və Puerto-Rikoda 1 sentyabr 2017-ci il tarixi və ya daha əvvəl işə qəbul olan təxminən 4 min işçiyə təklif ediləcək", - məlumatda deyilir.
Analoji proqram "Coca-Cola"nın fəaliyyət göstərdiyi bir çox digər ölkələrdə də təklif olunacaq. Bu proqramın məcburi işdən çıxarılmanı azaldılmasına kömək edəcək. Şirkət sözügedən proqramla bağlı xərcləri təxminən 350-550 mln. ABŞ dolları səviyyəsində qiymətləndirir.
Biznesin yenidən təşkili çərçivəsində "Coca-Cola" strukturunu dəyişdirməyi planlaşdırır. Xüsusilə, yeni modelə hazırda 4 coğrafi seqmentlərdə olan 17 bölmə əvəzinə 9-u daxil ediləcək.
Xatırladaq ki, "Coca-Cola" 1892-ci ildə təsis edilib. Hazırda şirkətdə 700 mindən çox insan çalışır. (Apa)