Çinlilər tanınmış geyim brendlərinin, o cümlədən “H&M”, “Nike” və “Adidas”ın məhsullarını boykot etməyə başlayıblar. Səbəb həmin şirkətlərin öz istehsalçı tərəfdaşlarına Çinin Sincan Uyğur Muxtar Bölgəsində “məcburi əmək” nəticəsində yetişdirilən pambığı almağı qadağan etməsidir.
Eləcə də bax: “ABŞ-Çin qarşıdurması dünya üçün fəlakət ola bilər”
FED.az xəbər verir ki, həmin şirkətlərin Qərb siyasətçilərinin, qeyri-hökumət təşkilatlarının və mətbuatının Çin hökumətinin Sincan bölgəsində yerli uyğur müsəlmanları məcburi əməyə cəlb etməsi barədə bəyanatlarından sonra burada yetişdirilən pambığı almaqdan imtina etmələri Çin istehlakçılarının ciddi narazılığına səbəb olub. Sosial şəbəkələrdə həmin brendlərin məhsullarından imtinaya çağırışlar çoxalıb. Bəziləri isə sözügedən brendlərdən olan geyimlərini yandırmaları ilə bağlı videolarını sosial şəbəkələrdə paylaşıblar. Çinli istehlakçılar milli maraqların bütün məsələlərdən üstün olduğunu əsas göstərərək, həmin brendləri boykot etdiklərini yazırlar.
Bundan başqa, həmin brendlərin elçisi olan tanınmış çinlilər də əməkdaşlığı dayandırdıqlarını elan ediblər. Çinin elektron ticarət platformaları olan “Taobao”, “JD.com” və “Pinduoduo”da “H&M” brendindən olan geyimlərin satışı dayandırılıb. Yerli axtarış saytlarında və onlayn xəritələrdə isə bu brendlər haqqında məlumatlar bloklanıb.
Məsələyə münasibət bildirən Çin Xarici İşlər Nazirliyinin rəsmisi Hua Çunin deyib ki, yalanlara əsaslanan “Sincan pambığı boykotu”nu aparan şirkətlərə qarşı çinli istehlakçıların boykot qərarı millətçilik yox, sadə vətənpərvərlikdir.
Qeyd edək ki, Çin dünyada pambığın 2-ci ən böyük istehsalçısıdır (22 faiz). Ölkədə istehsal olunan pambığın 87 faizi Sincan Uyğur Muxtar Bölgəsinin payına düşür. Rəsmi Pekin Qərb ölkələrinin Çində etnik uyğurların məcburi əməyə cəlb olunması barədə iddialarını qəti rədd edir. (Azərtac)