Çinin iri elektron ticarət platformaları İtaliya brendi olan "Dolce&Gabbana”nın məhsullarını satışdan çıxarıblar.
FED.az xəbər verir ki, buna səbəb şirkətin çinli modelin iştirakı ilə çəkdiyi reklam olub. Süjetdə model çubuqlarla İtaliya yeməklərinin dadına baxır. Kadr arxasında isə kişi səsi ona necə yeməklə bağlı məsləhətlər verir. Brend videoçarx vasitəsilə “ikibaşlı” mesaj ötürməkdə ittiham edilərək sərt tənqidlərlə üzləşib və rasizm, seksizmdə günahlandırılıb. Çində nümayişi nəzərdə tutulan şou isə ləğv edilib.
Çinin bir çox şou-biznes nümayəndələri, o cümlədən, “Dolce&Gabbana”nın bu ölkədəki səfiri şirkətə boykot elan edib.
Situasiyanın dərinləşməsinə videoya İnstagramda şirkətin həmtəsisçisi Stefano Qabannanın adından Çin və çinliləri təhqir edən şərhin yazılması səbəb olub. Şirkət daha sonra hesabın ələ keçirildiyini açıqlayıb və modalar evi paylaşıma görə üzr istəyib. Məsələ ilə bağlı daxili araşdırmaya başlayıb.