Çin şirkəti Azərbaycanda məişət texnikası istehsal edə bilər.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu məsələ İqtisadiyyat naziri Şahin Mustafayevin Çinin “China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Vanq Yuhanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, əlverişli biznes mühitinə malik Azərbaycanda müxtəlif sahələr üzrə Çin şirkətləri fəaliyyət göstərir, birgə layihələr reallaşdırılır.
Eləcə də bax:“BP”, “PAŞABank” və “Azercell”dən sonra “ADMEDİA” da “Agile” oldu- VİDEO
Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasının nəticəsi olaraq, bu ilin aprelində “China CAMCE Engineering Co. Ltd.” şirkəti və müvafiq sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri arasında əməkdaşlıq barədə sənədlər imzalanıb.
V.Yuhanq Çin iş adamlarının Azərbaycandakı əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb, təmsil etdiyi şirkətin fəaliyyəti, ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə məlumat verib.
Görüşdə “China CAMCE Engineering Co. Ltd.” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və məhəllərində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin yaradılması barədə müzakirələr aparılıb.
Azərbaycana səfər çərçivəsində “China CAMCE Engineering Co. Ltd.” şirkətinin nümayəndələri Hacıqabul və Sabirabad sənaye məhəllərində sahibkarlar üçün yaradılan əlverişli şəraitlə tanış olublar. Onlara sənaye məhəllərində həyata keçirilən layihələr barədə məlumat verilib.
Qeyd edək ki, mühəndislik, satınalma və tikinti üzrə ixtisaslaşan “China CAMCE Engineering Co. Ltd.” şirkəti sənaye, kənd təsərrüfatı, enerji, neft-kimya, su mühəndisliyi, kommunikasiya və dağ-mədən sahələrini əhatə edən 100-dən çox beynəlxalq layihəsinin icraçısıdır. Dünyanın 140 ölkəsində nümayəndəliyi olan şirkətdə 100 minə yaxın işçi çalışır.