Dünyanın ən böyük ixracatçı ölkələri siyahısında birinci yer Çinin payına düşür. Lakin həm istehsalçı, həm də məhsulun böyük sayda olduğu məkanda seçim etmək asan deyil. Çin bazarında alıcılara bu suala cavab tapmaqda köməklik edən konsaltinq şirkətləri fəaliyyət göstərir. Həmyerlimiz Mahir Xəlilovun «Primum Consulting Beijing» şirkəti də həmin xidməti göstərir. Çində istənilən məhsulların və avadanlıqların araşdırılması, güvənli istehsalçıların tapılması, məhsulların keyfiyyət və kəmiyyətinin yoxlanması, çatdırılmaya kömək göstərilməsi və s. işləri görürlər.
FED.az Mahir Xəlilovla fəaliyyət göstərdiyi sahə ilə bağlı söhbətləşib.
- Mahir bəy, Çinə nə vaxt getdiniz? Necə oldu ki, məhz bu ölkəyə gedib iş qurdunuz?
- 2006-cı ildə ilk dəfə Pekin şəhərinə gəlmişəm. Çində gedən iqtisadi inkişaf hər kəsin diqqət mərkəzində idi. Eləcə də mənim diqqətimi çəkdi. Ona görə ilk olaraq gəlib baxmağı, hər şeylə yerində tanış olmağı düşündüm. Daha sonra buraya gəldim və bir müddət çin dili kurslarında dil öyrəndim. Çində çin dilini bilmədən iş görmək çox çətindir, həm də dili bildiyiniz zaman Çin istehsalçılarının da güvənini qazanırsınız. Dil öyrənməklə yanaşı, bazar araşdırmaları ilə məşğul olurdum. Hansı sahədə iş qurmağın yollarını axtarırdım. Nəticədə bu səhədə boşluq olduğu qənaətinə gəldim. Bu ən çox da Azərbaycan üçün lazım idi. Çünki, bir çox insanların bu işdə çətinliklərinin olduğu bəlli idi. Odur ki, bu işi peşəkar səviyyədə yerinə yetirən bir şirkətə ehtiyac var idi.
- Azərbaycanda sırf sizin məşğul olduğunuz istiqamətdə biznes demək olar ki, yoxdur. Çində belə xidmətə ehtiyac yaradan nədir?
- Təbii ki, Çin bazarı kimi böyük bir bazarda bu sahəyə ehtiyac çox böyükdür. Baxın, ölkədə minlərlə istehsalçı var və bunların arasından ən yaxşıları tapmaq o qədər də asan deyil. Bu istehsalçıların içərisində səriştəsiz, fırıldaqçı şirkətlər də mövcuddur. Bizim məqsədimiz müştərilərimizə bu böyük bazarda doğru seçimi etməkdə, doğru istehsalçıları və keyfiyyətli məhsulları tapmaqda, eləcə də hansısa yalançıların yalanının qurbanı olmamaqda kömək etməkdir.
- Məhsulu alan şəxslər niyə özləri araşdırma etmirlər, bunun üçün mütəxəssislərə müraciət edirlər. Mütəxəssis araşdırması nə ilə fərqlənir?
- Mütəxəssis araşdırması tamamən fərqlidir. İnsanlar internet üzərindən araşdırma apardıqları zaman, yalnız o məlumatları görürlər ki, onları fabrik və zavodlar müştərilərin bilməsini istədiyi üçün paylaşır. Heç bir istehsalçı internetdə özü haqqında mənfi halları göstərməz. Ancaq biz araşdırma apardığımız zaman təkcə şirkətin internet səhifəsində olan məlumatlarla kifayətlənmirik. Eləcə də lazımi mənbələrdən bu şirkətin həqiqətən də istehsalçı olduğunu, fəaliyyət müddətində hansı problemlərinin olduğunu, keyfiyyətsiz məhsul istehsal etdiyi üçün nə vaxt və nə qədər cərimə olunduğunu, dövlətin “qara siyahısına” düşüb düşmədiyini və s. məlumatları üzə çıxarırıq. Bunları insanların xaricdən internet üzərindən öyrənməsi mümkün deyil.
- Birbaşa məhsulun özünü də yoxlaya bilirsinizmi?
- Əlbəttə, zavod və fabriklərə yerində baxış keçiririk, lazımi məhsulun nümunələrini əldə edirik və müştərilərimizlə nümunəni təsdiqləyirik, təsdiqlənmiş məhsulun istehsal prosesinə nəzarət edirik, daha sonra məhsul hazır olduğu zaman, keyfiyyət və kəmiyyətin təftişini həyata keçiririk. Sifarişçinin özü bu təftişləri edə bilmək üçün bəlli bir məbləğdə xərc çəkərək Çinə gəlməlidir. Lakin biz müştərilərimizə bu xidmətləri daha yüksək səviyyədə və daha ucuz başa gəlməklə göstəririk. Sonda isə məhsulların yüklənməsi və göndərilməsi prosesinə, alıcıya lazım olacaq sənədlərin qaydasında olmasına nəzarət edirik. İndiki halda pandemiya ilə bağlı, bizim işimizə daha çox ehtiyac vardır. Çünki, hazırda bütün dünyadan xarici vətəndaşların Çinə gediş-gəlişində böyük problemlər yaranıb. Aviareyslərin olmaması, Çinə gəldikdən sonra 21 gün karantin rejimi, vizaların alınmasında yaranan çətinliklər və bütün bunlar üçün tələb olunan məsrəfləri nəzərə alsaq, iş adamları üçün bizimlə işləmək daha əlverişli və sərfəlidir.
- Necə bir komanda ilə bu işləri görürsünüz?
- Bu işləri görmək üçün çox da böyük bir komandaya ehtiyac yoxdur. Mütəxəssislərimiz şirkət araşdırmalarında, məhsulların yoxlanılmasında püxtələşiblər. İlk olaraq komandamız lazımi istehsalçının tapılması üzərində işləyib müştəriyə bir neçə fərqli təklif verir. Daha sonra müştərilərimizlə qiymət və güvənlilik baxımından bir seçim edib işimizə seçilmiş istehsalçı üzərindən davam edirik və yuxarıda qeyd etdiyim prosesləri həyata keçiririk. Bu prosesləri həyata keçirmək üçün masa başında çalışan və sahədə fəaliyyət göstərən ayrıca komandamız var.
- Seçim çox olanda, keyfiyyətlini tapmaq daha da çətinləşir yəqin ki. Seçim çoxluğu problem yaradırmı?
- Təbii ki, seçimin çox olması çətinlik yaradır, ancaq eyni zamanda keyfiyyətli məhsulun tapılmasında da rol oynayır. Yəni, yaxşıların yaxşısını seçmək imkanınız olur.
- Çin məhsulları ilə bağlı dünyada fikirlər birmənalı deyil. Çinin keyfiyyətli məhsulları olsa da, keyfiyyətsiz olanlarla bağlı fikirlərə daha çox rast gəlirik. Çin bazarında məhsulların neçə faizi yüksək keyfiyyətli sayılır?
- Bəli, insanlar arasında “Çin malı” adı ilə formalaşmış məhsul anlayışı var. Ancaq mən bununla razılaşmıram. Daha çox alıcıların seçimindən asılı olduğunu düşünürəm. Təbii ki, bu qədər böyük bir bazarda keyfiyyətli və keyfiyyətsiz məhsullar olacaq. Təkcə Çində deyil, dünyanın hər yerində buna rast gəlmək olar. Amma bir çox hallarda məhsulun keyfiyyətsiz olmasına səbəb elə alıcının özü də ola bilir. Məsələn, alıcı bir məhsulu yarı qiymətinə əldə etmək istəyir. İstehsalçı da məhsulun istehsalında bu qiymətə uyğun xammaldan istifadə edir. Nəticədə ortaya keyfiyyətsiz məhsul çıxır. Faiz demək çətindir, ancaq bazarda hər iki sinif məhsullar var. Önəmli olan düzgün seçimi edə bilməkdir. Amma son zamanlar demək olar ki, Çin dövləti daha çox yüksək keyfiyyətli və yüksək texnologiyalı məhsulların istehsalına üstünlük verir. Bu səbəbdən və Çində gedən bahalaşma nəticəsində ucuz qiymətə məhsul istehsal edən istehsalçılar öz biznesini əsasən Cənub Şərqi Asiya ölkələrinə daşımaq məcburiyyətində qaldılar. Odur ki, hazırda Çin məhsullarının keyfiyyətsiz olduğunu demək çox da düzgün olmazdı.
- Çin bazarında güvənli istehsalçı kimlərə deyilir?
- Hazırda Çində yetərincə inkişaf etmiş, dünya bazarında tanınan, güvənli istehsalçılar var. Bunların bir çoxları artıq dünya markaları ilə rəqabət qabiliyyətlidirlər. Güvənli istehsalçılar, keyfiyyətli məhsul istehsal etməklə yanaşı, satışdan sonra göstərilən xidmətdə də seçilirlər. İstənilən istehsal prosesində müəyyən problemlər ola bilər. Güvənli istehsalçı bu problemi yüksək səviyyədə aradan qaldırır.
- Çindən gələn məhsulların qiymətləri son vaxtlar artıb. Bunun səbəbi nədir?
- Çində məhsulların qiymətinin artması bir faktdır. Bunun da bir neçə səbəbləri var. Pandemiya dövründə Avropa və Amerikadan Çin məhsullarına tələbat birdən-birə yüksəldi. Məhsullarda istifadə olunan çip çatışmazlığı yarandı. Çip isə demək olar ki, telefondan tutmuş avtomobilə qədər bir çox məhsullarda istifadə olunan beyindir. Daha sonra bütün dünyada qapanmalara gedildi, fabrik və zavodların işləri dayandırıldı. Təhcizat zəncirində yaranan problemlər, bir çox ölkələrdə istehsalatın durması, gözləniləndən fərqli olaraq, xüsusi ilə də Avropa və Amerikada, istehlak tələbinin artması, yenə də pandemiya səbəbindən daşımaçılıqda qiymətlərin kəskin artması Çin məhsullarının qiymətlərin artmasında böyük rol oynadı.
- Daşıma xərci çox artıb?
- Məsələn, Çin məhsullarının ixracında kəskin artım olduğundan, göndərilən konteynerlərə də tələbat artıb və bu səbəbdən də əvvəllər 3000-4000 ABŞ dolları dəyərində olan daşınma qiymətləri, 14000-15000 ABŞ dollarına qədər yüksəlib. Təbii olaraq, bu Azərbaycana göndərilən məhsulların qiymətində də özünü biruzə verir. Xüsusən də nəzərə alsaq ki, Azərbaycanın okeana çıxışı yoxdur. Bu da təbii ki, daha çox multi-modal daşımaçılığa zərurət yaradır. Yəni biz həm dəniz yolundan, həm də quru yolundan istifadə etməliyik. Quru daşımaçılığı da hər zaman dəniz daşımaçılığından baha olub. Düşünürəm ki, pandemiya fəsadları azaldıqca, limanların işləməsi normallaşdıqca daşınma qiymətləri də enəcək. Bu da məhsulların qiymətinin düşməsində özünü göstərəcək.
- Sizdən xidmət alan şəxslərin, şirkətlərin məhsul seçimində istəkləri nələr olur?
- Əsasən qiymətin münasib olmasına üstünlük verirlər. İnsanlar Çin bazarına üz tutarkən, istər-istəməz qiyməti münasib olan məhsul almağı düşünürlər. Biz adətən müştərilərimizdən onlar üçün keyfiyyətin, yoxsa qiymətin önəmli olduğunu soruşuruq. Təbii ki, əksər cavab hər ikisi olur.
- Çin bazarında hansı məhsulların alıcısı daha çoxdur? Yüksək, orta, yoxsa aşağı keyfiyyətli?
- Bütün məhsulların alıcısı var. Yuxarıda qeyd etdiyim kimi, insanlar Çin bazarına üz tutanda münasib, sərfəli qiyməti düşünürlər. Odur ki, yüksək keyfiyyətli məhsul alıcıları, orta və aşağı keyfiyyətli məhsul alıcılarından nisbətən azdır.
- Sizə Azərbaycandan iş adamları müraciət edirlərmi?
- Bəli, işlədiyimiz müştərilərimizin arasında yetərincə azərbaycanlı iş adamı var. Bununla yanaşı, başqa xarici ölkələrlə də işləyirik.
- Azərbaycanlı iş adamları Çindən hansı tip məhsulları gətirməkdə maraqlıdırlar?
- Tekstil məhsulları həmişə ilk sıralarda olub. Bundan əlavə tikinti materialları, nəqliyyat vasitələri, motosiklet və velosiped kimi məhsullara da üstünlük verilir. Son zamanlar istehsal avadanlıqlarına maraq artıb. Bu da Azərbaycanda istehsalın artımı ilə bağlıdır.
- Azərbaycanlı iş adamı istənilən məhsulu Çindən alıb gətirə bilərmi?
- Bu Azərbaycanda idxala tətbiq olunan qanunlara əsasən müəyyənləşir və ilbəil dəyişikliklər ola bilir. Odur ki, konkret məlumat vermək çətindir.
- Orda istehsalla məşğul olmaq istəyən azərbaycanlılar olurmu?
- Əvvəllər Çində azərbaycanlı iş adamlarının sayı daha çox idi. Onların arasında təbii ki, istehsal ilə məşğul olanlar da var idi. Ancaq son zamanlar Çində olan bahalaşma ilə əlaqədar iş adamlarının sayı əvvəlkinə nisbətdə xeyli azalıb. Bəzi iş adamları tamamən, bəziləri isə qismən buradakı fəaliyyətlərini dayandırdılar. Buna hazırda da davam edən pandemiya dönəmi də çox böyük təsir etdi.
- Bahalaşmanın biznes sektoruna təsiri hansı istiqamətlərdə oldu?
- İşçilərin maaşı əvvəlki kimi deyil, demək olar ki, yüz faiz qalxdı. Daşınmaz əmlak, kirayə haqları hamısı qalxdı. Bəzi sahibkarlar ya kiçilməyə, getdi, ya da yerini dəyişdi. Şirkətlərini bağlayanlar da oldu, onlayn sistemə keçənlər də. Məsələn, Pekin daha bahalıdır. Burda qiymətlər Azərbaycandan qat-qat bahadır. Amma cənub zonasında kirayə haqqı daha ucuzdur. İşçinin maaşı da nisbətən daha aşağıdır.
- Məhsul və avadanlıqlar alanlar eyni məhsulları davamlı olaraq alırlar, yoxsa tez-tez dəyişməyə meyillidirlər?
- Alınan məhsulun satıldığı yerdə tələbat olduğu müddətcə davamlı olur, hətta sifarişlərdə artım da olur. Bundan əlavə günün tələbinə görə yeni dəyişikliklərə də üz tuturlar. Bu əsasən məhsullarda özünü göstərir.
- Çin bazarına idxal etmək üçün Azərbaycan məhsullarının araşdırılması, seçilməsi üçün sizin şirkətə müraciət edilməsi halları olurmu?
- Mənim özümə Azərbaycanın məhsullarının Çin bazarında çox olması maraqlıdır. Çünki, istər-istəməz xaricdə yaşayan insanlarda bir vətən həsrəti olur, vətənpərvərlik hisslərin qabarıq olur. Həm də Azərbaycan məhsullarının dadı üçün darıxırsan. Ona görə o işdən xüsusi bir qazanc marağım da olmur. Əsas odur ki, məhsullarımız burada tanınsın. Bəzi çinli müştərilərimiz var ki, heç Azərbaycanı tam olaraq tanımır, ona görə ölkəmizdən birbaşa məhsul almağa risk etmirlər. Ortada tanıdığı şirkət olanda daha güvənli olur, görüşürsən, danışıqlar aparırsan, məlumat verirsən, nümunələr göstərirsən. Belə olanda daha çox maraqlanırlar. Biz də çalışırıq ki, bu sahədə bacardığımız qədər iş görək.
Əvvəlki illərlə müqayisədə Çində həm elektron satış platformalarında, həmçinin də mənim yaşadığım Pekin şəhərində müxtəlif market şəbəkələrində Azərbaycan məhsullarını görmək olur. Bu da əsasən qida sənayesi məhsullarıdır.