Azərbaycan və Çin şirkətləri arasında anlaşma memorandumu imzalanıb. Belə ki, Çin Azərbaycanda traktor zavodu inşa edəcək. Zavodda kənd təsərrüfatı avadanlıqları, logistika və digər sahələr üzrə məhsullar istehsal olunacaq.
FED.az xəbər verir ki, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev “SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Eləcə də bax: Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin - SİYAHISI
Sənaye sahəsində əlaqələrdən danışan nazir Şahin Mustafayev “China CAMC Engineering” şirkəti ilə Azərbaycan şirkətləri arasında imzalanan sənədlərin də uğurlu əməkdaşlığın nəticəsi olduğunu vurğulayıb, bu sənədlərin böyük həcmli investisiya qoyulması, minlərlə yeni iş yerinin yaradılmasına imkan yaratdığını qeyd edib.
Nazir bildirib ki, ilkin olaraq bu sahədə Azərbaycanda traktor istehsalı zavodunun , suvarma avadanlıqlarının istehsalı və bir-sıra kənd təsərrüfatı məhsullarə emal zavodunun yaradılması nəzərdə tutulur.
Bu layihə çərçivəsində sərmayelərin həcmi yüz milyon dollarla ölçülür. Həmçinin yeni yaradalacaq iş yerlərinin də sayı minlərlə olacaqdır.
Qeyd edək ki, ölkəmizdə 119 kapitallı Çin şirkəti fəaliyyət göstərir. Çin Azərbaycan iqtisadiyyatına 800 milyon dollardan çox, Azərbaycan isə Çinə 1.7 milyard dollar sərmaye yatırıb.
“SINOMACH Group”un "FORTUNE QLOBAL 500" dünyanın ən böyük şirkətlərinin illik reytinqində 250-ci yerdə qərarlaşıb.