Zəhmət insanı ucaldır... Uşaqlıqdan bizə aşılanan bu fikir kimidə özünü doğruldur, kimidə yox. Zəhmətilə ucalan insanlardan biri də Cəlilabad rayonunda hamının tanıdığı, işini sevdiyi Taleh ustadır. Cəlilabadda doğulub böyüyüb boya-başa çatan həmsöhbətimiz öz işinin vurğunudur. Məhz bu vurğunluq onun bu işdə uğurlar qazanmasına, tikintinin bütün işlərini detallı olaraq mənimsəməsinə səbəb olub.
Cəlilabadda onu “universal usta” adlandırırlar. Özü də deyir ki, 0-dan başladığı evin tikintisindən tutmuş, dizaynına qədər bütün işlərini görür təhvil verir: “Müştərilər torpağı göstərir, öz istəklərini deyirlər, vəssalam. Mənzili elə vəziyyətdə təhvil verirəm ki, mebellini yığ yaşa. İllərlə də o mənzildə hansısa təmirə, işə, dəyişikliyə ehtiyac olmur”.
Tikintinin ən tez başa gələn işi hörgü və damının örtülməsidir. Taleh usta deyir ki, bir evi tikib üstünü örtmək daha tez başa gəlir, nəinki onun içərisində təmir işlərini aparmaq. Amma hər bir halda işin iki mərhələsi də ağırdır. Bu ağırlığa baxmayaraq, Taleh Musayev işinə bağlıdır: “Həddən artıq çox sevirəm bu işi. Niyəsini də deyim: bu işi yüksək səviyyədə bacardığım və məsuliyyətlə gördüyüm üçün Cəlilabadda məni sevirlər, hörmət edirlər, rayonda hörmət sahibiyəm. Təvazökarlıqdan uzaq da olsa, öz işimlə mən ağsaqqal hörməti qazanmışam. Rayonda hər kəs mənə iş verir: vəzifəli şəxslər, iş adamları, sadə adamlar. Heç vaxt imkanlı adamların işinin arxasınca qaçmıram. Çalışıram ki, gələn təklifləri növbə ilə dəyərləndirim ki, deməsinlər Taleh usta kasıbın işini qoydu imkanlının işinin arxasınca getdi”.
İşinə olan sevgisi məsuliyyətini də artırır. “Tikib təhvil verdiyim evdə məndən sonra işləyən ustalar məndən qalan heç bir problemlə rastlaşmamalıdırlar. Bu, həm də mənim həmkarlarıma olan hörmətimdən irəli gəlir. İstəmirəm kimsə mənə görə əziyyət çəksin, artıq iş görsün. Onda çörəyimin halallığına özüm şübhə edərəm. Bax, beləcə halal zəhmətimlə çörək qazandığım üçün bu işin vurğunuyam. Əziyyəti var sözsüz ki, amma o da xoşdur”.
Bu sənətlə ailəsində heç kim məşğul olmasa da, qohumları arasında çox adam ustalıq edir. “Atam bir çəkici saplaya bilmirdi, ömür boyu sürücü işləyib. Amma əmilərim, qohumlarım çoxusu bu sahədə işləyirdi. Mən də onların yanında öyrəndim” - deyir. Artıq 22 ildən çoxdur ki, tikintidə çalışır: “2000-ci ildə əsgərliyə getdim. Ona qədər 2-3 il idi işləyirdim, özümə müəyyən alətlər almışdım. Əsgər gedəndə həmin alətləri apardım bacımın evinə yığdım ki, mən gələnəcən saxla. Gələn kimi də başladım yenə bu sahədə çalışmağa, peşiman deyiləm”.
Cəlilabadda insanlar daha çox sadə üslubda tikintiyə üstünlük versələr də, çox vaxt ustanın məsləhətinə qulaq asırlar: “Mənim sözümə inanırlar deyə həmişə nə təklif etsəm, razılaşırlar. Hətta eləsi olur üslubu da əvvəlcədən mənə həvalə edir”.
Taleh usta Norm Ustalar Klubunun Cəlilabaddakı səfiridir. Özünün də dediyi kimi, layihə müəllifləri ondan, o da layihə müəlliflərindən razıdır. Bu layihə haqda da olduqca müsbət fikirlərə malikdir: “Bütün təkliflərə açıqdırlar. Məsələn, mən təklif etdim ki, uşaqlar, yaxud qocalar evlərindən birinin təmirində təmənnasız iştirak etmək istəyirik, razılaşdılar. Biz toplaşdıq Əhmədlidəki qocalar evini ziyarət etdik, rəhbərliklə də danışdıq, təmirə ehtiyac olan yerləri müəyyənləşdirib deyəcəklər, edəcəyik. Sonra uşaq evinə getdik. Orda məni sevindirən o oldu ki, uşaqlar bizdən daha çox dəftər-kitab istədilər, aldıq apardıq. Norm Ustalar Klubunda olmaq bizim üçün əlavə stimuldur. Burdakı qarşılıqlı anlayış əvəzsizdir”.
Norm Ustalar Klubu inşaatda çalışan ustaları özündə birləşdirən bir klubdur. Klub 2016-ci ilin dekabrında yaradılmışdır. Klubunu yaradılmasının məqsədi inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Məlumur ki, düzgün məhsulun peşəkar usta tərəfindən istifadəsi inşaat sahəsindəki işlərin keyfiyyətinə zəmanət verir.