Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Cavad Qasımovun iştirakı ilə təşkil olunmuş ənənəvi aylıq “Online Round Table” çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə sahibkarların DGK ilə əməkdaşlığına dair sual və təkliflər müzakirə olunub. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Eləcə də bax: «Caspian European Club» Anar Bağırovun iştirakı ilə - ONLAYN GÖRÜŞ KEÇİRİB
Bu barədə FED.az-a “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
O bildirib ki, 3 saatdan çox davam edən “Online Round Table” iştirakçılarını salamlayan DGK-nın sədr müavini, gömrük xidməti general-mayoru C.Qasımov gömrük orqanları ilə "Caspian European Club" arasındakı səmərəli əməkdaşlıqdan bəhs edib, qarşılıqlı işgüzar münasibətlərin beynəlxalq ticarətin inkişafında da mühüm rol oynadığını vurğulayıb.
Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, xarici ticarət əməliyyatlarının davamlılığının təmin edilməsi məqsədilə ölkəmizin gömrük orqanlarının bütün zəruri addımları atdığını diqqətə çatdıran komitə sədrinin müavini mal və nəqliyyat vasitələrinin asan və sürətli şəkildə təyinat gömrük orqanına çatdırılması ilə yanaşı, koronavirusla mübarizə çərçivəsində təhlükəsizlik tədbirlərinə də xüsusi diqqət yetirildiyini bildirib.
C.Qasımov onu da vurğulayıb ki, gömrük orqanları xarici ticarət iştirakçılarını daim dəstəkləyir və son illər gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər və innovativ layihələr daha əlverişli biznes mühitinə, gömrük əməliyyatlarının sadə və sürətli şəkildə həyata keçirilməsinə, eləcə də şəffaflığın təmin olunmasına şərait yaradıb. Bu da biznesin inkişafı üçün mühüm amillərdir.
O, “Caspian European Club”un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb və təkliflərini dinləyib.
“Caspian European Club”un sədri və baş icraçı direktoru T.Əliyev klubun üzv şirkətlərinin top-menecerləri adından açıq və səmimi dialoqa görə C.Qasımova minnətdarlığını bildirib, eyni zamanda, “Caspian European Club” və Dövlət Gömrük Komitəsi arasında birgə ictimai nəzarət şurasının yaradılması təklifinə görə təşəkkür edib.
Görüşdə, həmçinin DGK-nın Gömrük nəzarəti və ticarətin asanlaşdırılması baş idarəsinin rəisi Səməd Qaralov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı Baş Gömrük İdarəsində KOB dostu Sahib Nəcəfov iştirak ediblər.
“Online Round Table” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların problem və təkliflərinin müzakirəsi üçün “Caspian European Club” tərəfindən yaradılıb.
Sıralarında 50 ölkədən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda təsis olunub. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian European Club”un əsas məqsədi Azərbaycanda və qurumun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma rolunu oynayan “Caspian European Club” mütəmadi olaraq “CEO Brunch”, “CEO Lunch”, “Business Tour” və sair kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.