"Caspian European Club” onlayn “B2B FMCG forum” keçirib. Forum çərçivəsində FMCG şirkətlərinin koronavirus pandemiyası dövründə üzləşdikləri məsələ və təkliflər müzakirə olunub.
FED.az xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev deyib.
Üç saat davam edən onlayn “B2B FMCG forum” çərçivəsində müzakirələrə, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov, Qida Təhlükəsizliyi Agentliyinin Qeydiyyat və sahibkarlarla iş şöbəsinin müdiri Orxan Mikayıl, agentliyin Qida zəncirinə nəzarət və regional bölmələrə iş şöbəsinin Sertifikatlaşdırma və idxal-ixraca nəzarət sektorunun müdiri Fərid Əmirov, Dövlət Gömrük Komitəsinin Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov, komitənin Baytarlıq, sanitariya və fitosanitariya şöbəsinin rəisi Günay Salamova, Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB dostu) nümayəndəsi Elmar Rzayev, “Azexport.az” portalının idarəedici meneceri Ayxan Qədəşov və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.
T.Əliyev klubun üzv şirkətlərinin top-menecerləri adından koronavirus pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinin iqtisadi bloku təmsil edən bütün nümayəndələrinə minnətdarlığını ifadə edib.
“Caspian European Club” tərəfindən yaradılmış “B2B forum” beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir, öz fəaliyyətləri barədə danışır, sahənin problemləri ilə bölüşür və onların həlli yollrını təklif edirlər.
Həftədə iki dəfə keçirilən onlayn “B2B forum”lar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrindən olan şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün əlavə platformadır.