Caspian European Club Onlayn B2B AGRO və Onlayn B2B INDUSTRY forum keçirib. Hər iki tədbir çərçivəsində aqrosənaye, yüngül və ağır sənaye sektorlarını təmsil edən sahibkarların COVİD-19 koronavirus pandemiyası dövründə üzləşdikləri problemlər müzakirə olunub. Bütün müzakirələrin nəticələrinə əsasən təkliflər paketi hazırlanaraq baxılması və mümkün həlli üçün müvafiq dövlət qurumlarına göndəriləcəkdir.
FED.az xəbər verir ki, bu barədə Caspian European Club və Caspian Energy-nin sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onlayn B2B AGRO Forumun işində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktorun müavini Namiq Şalbuzov, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Qeydiyyat və sahibkalarla iş şöbəsinin müdiri Orxan Mikayıl, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin Sertifikatlaşdırılma və idxal-ixraca nəzarət sektorunun müdiri Fərid Əmirov, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər.
Onlayn B2B INDUSTRY Forumun işində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov, Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Şöbə rəisi Elçin Rüstəmov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB Dostu departamentinin şöbə müdiri Adil Əhmədov, Azexport.az portalın idarəedici menecer Ayxan Qadashov, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər.
Hər iki onlayn foruma Xəzər-Qara dəniz regionu və Aİ ölkələrindən olan Klub üzvləri də qoşulublar. Onlar mövcud şəraitdə öz ölkələrində sahibkarlıq subyektlərinin fəaliyyət şərtləri barədə məlumat veriblər.
Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından COVİD-19 koronavirus pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Hökumətinin iqtisadi blokunun bütün nümayəndələrinə təşəkkürünü bildirib.
B2B forum – Beynəlxalq biznes-netvorkinq üçün Caspian European Club tərəfindən yaradılmış unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir, öz fəaliyyətləri barədə məlumat verir, bu sahələrin problemləri ilə bölüşür və onların həlli yollarını təklif edirlər.
Həftədə iki dəfə keçirilən Onlayn B2B forumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrindən olan şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün əlavə platformadır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.