“Caspian Energy Club”un idarə heyətinin sədrliyinə, idarə heyətinin üzvlüyünə, komitə və İşçi Qrupların sədrliyinə və üzvlüyünə növbəti seçkilər başlayıb. Seçkilərin ilk günü 20-dən artıq dövlət qurumunun və 130 şirkətin rəhbər və nümayəndələrinin iştirakı ilə “Grand CEO Lunch” təşkil olunub.
Bu barədə FED.az-a “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Caspian Energy Club” hər il üçüncü ayın üçüncü həftəsinin üçüncü günü yeni rəhbərliyin seçimini həyata keçirir. Hər seçki bu il 20 illik yubileyini qeyd edən “Caspian Energy Club”un tarixində yeni bir səhifədir.
“Pandemiya dövründə daha fəal və faydalı olmağa çalışmışıq və 2020-ci il martın 30-dan bu günədək onlayn və oflayn formatda 270-dən artıq tədbir təşkil etmişik. Bu gün biz dövlət məmurlarına və özəl şirkət nümayəndələrinə təşəkkürnamələr təqdim etməklə bir daha böyük ailə olduğumuzu və hamımızın birlikdə Azərbaycanda investisiya və biznes mühitinin daha da inkişafı üçün çalışdığımızı vurğuladıq. Pandemiya dövründə regionda “biznes-networking” üçün aparıcı beynəlxalq meydana çevrildik”, - deyə Telman Əliyev vurğulayıb.
Qeyd edək ki, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə, Milli Məclisinin deputatı Rüfət Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktor vəzifələrini icra edən Yusif Abdullayev, Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini Rüstəm Şahbazov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müavini Orxan Əliyev iştirak ediblər.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.