“Caspian Energy Club” Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, Ermənistanın aqressiv siyasətinə və separatçı Qarabağ rejiminə dəstək verən şirkət və təşkilatların birtərəfli və qeyri-obyektiv mövqeyini qətiyyətlə qınayır.
FED.az xəbər verir ki, bunu “Caspian Energy Club” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev deyib.
O qeyd edib ki, “Caspian Energy Club”un İdarə Heyəti Ermənistanın aqressiv siyasətini və separatçı Qarabağ rejimini dəstəkləyən bütün şirkət və təşkilatlarla birtərəfli qaydada əməkdaşlığı dayandırmaq qərarı qəbul edib: “Bu şirkət və təşkilatlar bütün mövcud informasiya resurslarına girişdən məhrum ediləcək və “Caspian Energy Club”un dünyanın 50 ölkəsində idarə etdiyi biznes netvorkinq üçün beynəlxalq platformalara daxil ola bilməyəcəklər”.
Xatırladaq ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var. (Apa)