“Caspian Energy Club” ilk “CEO Award Azerbaijan” milli müsabiqəsinə start verib.
FED.az xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
O qeyd edib ki, birinci “CEO Award Azerbaijan” milli müsabiqəsində ölkəmiz üzrə 2021-ci ilin 25 ən tanınan top-meneceri seçilərək mükafatlandırılacaq. Birinci “CEO Award Azerbaijan” milli müsabiqəsinə rəsmi dəstək AZPROMO təşkilatı tərəfindən göstərilir. Müsabiqənin rəqəmsal tərəfdaşı “Social Lab” agentliyidir.
“CEO Award Azerbaijan” milli müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanın dövlət və özəl sektorlarında fəaliyyət göstərən ən tanınan top-menecerlər və rəhbərlərin müəyyənləşdirilməsidir. Həmçinin biz kiçik və orta biznes nümayəndələri haqqında məlumatları geniş ictimaiyyətə çatdırmaq istəyirik”, - deyə Telman Əliyev qeyd edib.
Qalib top-menecerlər sentyabrın 1-dən 19-dək “www.ceo.award.az” saytında keçiriləcək onlayn səsvermə yolu ilə müəyyən ediləcəklər. Səsvermə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda keçiriləcək. Respondentlər “www.ceo.award.az” saytında minimum 10 iştirakçıya səs verəcəklər. Müsabiqənin qalibləri sentyabrın 23-də onlayn formatda elan ediləcək.
Qeyd edək ki, sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.