“Caspian Energy Club”un (CEC) təşkil etdiyi altıncı milli “Brand Award Azerbaijan” müsabiqəsinin səsverməsi başlayıb.
Eləcə də bax: "SOCAR Energy Georgia" "Caspian Energy Club" üzvləri ilə - GÖRÜŞ KEÇİRİB
Bu barədə FED.az-a CEC-in sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyev qeyd edib ki, AZPROMO və KOBİA-nın rəsmi dəstəyi ilə keçirilən altıncı milli “Brand Award Azerbaijan” müsabiqəsində onlayn səsvermə yolu ilə ölkənin 2022-ci il ərzində 50 ən tanınmış korporativ brendi, məhsul və xidmət brendi seçiləcək və onlara mükafatlar təqdim olunacaq.
“Əvvəlki illərdə olduğu kimi, qeydiyyat mərhələsində bizə rebrendinq keçirmək, brendləri əhali arasında və sosial şəbəkələrdə tanıtmaq məqsədilə çox şirkət müraciət edib. Birgə məsləhətləşmələr və müzakirələr nəticəsində əksər şirkətlər öz inkişaf strategiyalarında, eləcə də rəsmi veb-saytlarında və sosial şəbəkə səhifələrində müəyyən düzəlişlərə nail olublar. Biz şirkətləri inandırmışıq ki, öz brendlərini həm milli, həm də beynəlxalq “BRAND AWARD” müsabiqəsində irəlilətməklə ölkə daxilində və ölkə hüdudlarından kənarda yeni partnyor və istehlakçı tapa bilərlər”, -deyə Telman Əliyev vurğulayıb.
Səsvermə avqustun 22-dən sentyabrın 12-dək müstəqil onlayn platformada keçiriləcək. Onlayn səsvermənin keçid linkinə müsabiqənin rəsmi “www.brandaward.az” saytı və müsabiqənin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə daxil olmaq mümkün olacaq.
Hər bir istifadəçi müsabiqənin iştirakçısı olan maksimum 10 brendə səs verə bilər.
Mükafatın təqdimetmə mərasimi sentyabrın sonunda təşkil olunacaq.
“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən milli və regional “Brand Award” müsabiqəsinin qalibləri 2023-cü ilin əvvəlində “Brand Award International” yekun müsabiqəsində iştirak etmək imkanı qazanacaqlar.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycan və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər keçirir.
“Caspian Energy Club”un mənzil-qərargahı Bakı şəhərində yerləşir. “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.