Azərbaycanın milli loukosteri olan «Buta Airvays» müştəriləri üçün onun reyslərinə bir neçə bilet alan şəxslərin bank kartlarını bloklamağa başlayıb. Bununla bağlı seyyah.az turizm portalına turizm sektorundakı şirkətlər və tez-tez səyahət edən şəxslər bildiriblər. Onların sözlərinə görə, «Buta Airvays» eyni kartla bir neçə bilet aldıqdan sonra sistem kartı qəbul etmir və həmin kartla bilet almaq mümkünsüz olur. Bununla bağlı şirkətə edilən müraciətlərin cavabında məsələnin araşdırılağı bildirilir, amma dəqiq cavab verilmir.
«Buta Airvays»dan seyyah.az-a bu məlumatların doğru olduğunu təsdiqləyiblər. Şirkətin əməkdaşları bildiriblər ki, "Buta Airways" Sərnişin Aviaşirkətinin "Sərnişinlərin və yüklərin daşınması qaydaları"na əsasən, üçüncü şəxsin bank kartı ilə ödənişin həyata keçirilməsinə icazə verilmir.
Şirkət bunu bank kartlarının qeyri-qanuni istifadəsindən və elektron dələduzluq faktlarından müdafiə ilə izah edir. Yeri gəlmişkən, həmin qaydalarda ildirilir ki, bu məqsədlə Aviaşirkət Sərnişindən yaşadığı ünvanı təsdiq etməsini və ya daşıma üçün ödəniş həyata keçirilən bank kartının surətini tələb etmək hüququna da malikdir.
Bununla yanaşı, şirkət açıqamayıb ki, neçə nəfər üçün bilet alan şəxslərin kartını bloklayır. Burada həmin məsələ ilə bağlı qeyri-müəyyənlik var, «Buta»nın bəzi əməkdaşları bildirir ki, kart sahibi yalnız onunla eyni soyada malik olanlara bilet ala bilər, digər əməkdaşlır isə əksinə, fərqli soyadların da olmasını mümkün sayırlar: «Amma cəmi bir dəfəö sonrakı bileti şəxs özü almalıdır». Şəxsin bank kartının olmaması halına gəldikdə isə şirkət nümayəndələri bildirirlər ki, bilet almaq istəyən şəxsin şəxsi bank kartı olmalıdır.
Ən maraqlısı odur ki, şirkət əməkdaşları bu qaydaların özünün hansı məntiqlə tətbiq edildiyini izah edə bilməyiblər.
Məsələ bundadır ki, Azərbaycana və ətraf ölkələrə uçan loukost şirkətlərində belə qadağalar yoxdur. «Wizzair», «Pegasus», «Ryanair» və sair şirkətlərdə istənilən şəxsin bank kartı ilə bilet əldə etmək olur və bu zaman şirkət sərnişinlər üçün heç bir qadağa və ya bu dərəcədə məhdudiyyət tətbiq etmir.
«Buta Airvays»: «Çox sayda bilet alanların kartını bloklayırıq»
18:10
10 Sen 2018