“TEKNOFEST Azərbaycan” ofisinin Marketinq üzrə rəhbəri Ləman Ağayeva “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı müsahibə verib.
FED.az həmin müsahibəni təqdim edir:
- Ləman xanım, “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı mətbuatda gedən silsilə xəbərləri böyük maraqla izləyirik. Hazırda müsabiqələrin gedişatı ilə bağlı son vəziyyət nə yerdədir?
- Bildiyiniz kimi, “TEKNOFEST Azərbaycan” festivalının 2022-ci ilin 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılır. Festivalın təşkilatçıları Türkiyə Teknoloji Takımı Vakfı (T3 Fondu), Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyidir.
“TEKNOFEST Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” üzrə Avropa Çempionatı təşkil olunacaq. İlk dəfə olaraq sadalanan müsabiqə və tədbirlər çərçivəsində məktəblilər, tələbələr, startap və fərdi sahibkarlar bir araya gələcək. Sevindirici haldır ki, bu günə kimi 1000-ə yaxın komanda müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan uğurla keçib.
Bir komandanın 3-4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, deyə bilərik ki, ümumilikdə 5000-ə yaxın yuxarı sinif şagirdi, tələbə və gənc sahibkar öz bilik və bacarıqlarını sınamaq üçün “TEKNOFEST” festivalına qatılıb.
Xüsusilə vurğulamaq istərdim ki, sözügedən müsabiqələr üzrə qeydiyyat 15 dekabr 2021-ci ildə başlamış və son müraciət tarixi 17 fevral olaraq müəyyən edilmişdi. Lakin çoxsaylı müraciətlər, festivala olan böyük maraq və tələbələrin qış imtahan sessiyasını nəzərə alaraq müvafiq müraciət tarixləri 28 fevrala qədər uzadıldı.
Hazırda “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” üzrə Avropa Çempionatına qeydiyyat hələ də davam edir.
Vurğulamaq istəyirəm ki, sözügedən hər 3 tədbir – “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” üzrə Avropa Çempionatı beynəlxalq tədbirlər hesab olunduğundan Bakıya Avropadan yüzlərlə komanda və startap gələcək. Əcnəbi iştirakçıları da nəzərə alsaq, “TEKNOFEST Azərbaycan” festivalının miqyasının nə qədər böyük olduğunu aydın təsəvvür edə bilərik.
Xatırlatmaq istəyirəm ki, “Take Off Baku” Startap Sammiti üçün son müraciət tarixi 31 mart, “Smart Qarabağ” Hakatonu və “Rocket League” üzrə isə 01 apreldir. Qarabağımızın işğaldan azad olunmuş torpaqlarında bərpa işləri və infrastrukturun yenidən qurulması istiqamətində innovativ həll yolları təklif etmək istəyən gəncləri, kommersiyalaşdırıla bilən real məhsulla çıxış edən startapları və kiber idman üzrə güclərini beynəlxalq çempionatda sınamaq istəyən həvəskarları fəal iştiraka səsləyirəm.
- Qeydiyyatdan uğurla keçən və müsabiqənin növbəti mərhələsinə adlayan qaliblər nə vaxt elan olunacaq?
Qeyd edim ki, müsabiqələrin ən həyəcanlı mərhələIəri artıq yaxınlaşmaqdadır. Belə ki, 1-ci mərhələdən uğurla keçən komandalar 18 mart tarixində elan olunacaq. Daha sonra növbəti mərhələyə adlamış komandalar qarşısında yeni tapşırıqlar qoyulacaq. Komandalar 6 may tarixinə kimi münsiflər heyətinə CDR (video təqdimatların qəbulu) təqdim etməlidirlər. 2-ci mərhələni uğurla keçmiş komandalar – yəni finalçılar 14 may tarixində elan ediləcək.
Beləliklə, finala vəsiqə qazanmış komandalar 26 – 29 may tarixlərində keçiriləcək müvafiq müsabiqələrdə iştirak hüququ qazanmış olacaqlar. Ən həyəcanlı an bütün müsabiqələr üzrə 1-ci, 2-ci və 3-cü yerə layiq görülmüş və Mükafat fondunu əldə etmiş qaliblərin elan edilməsi olacaq. Qaliblər Azərbaycan xalqı üçün olduqca önəmli tarixi gündə 28 May – Müstəqillik Günündə elan olunacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq bu tarixi heç də təsadüfi seçməmişik. Müstəqil Azərbaycanın texnologiya sahəsi üzrə bugünkü istedadları respublikamızın gələcək inkişafına önəmli töhfə verə biləcək “smart” nəslin təmsilçiləridir.
- Texnologiya məzmunlu yarışlardan başqa “TEKNOFEST” yerli vətəndaşlarımıza və paytaxtımızın qonaqlarına nə vəd edir?
- “Bakı Kristal Zalı”nda baş tutacaq texnologiya müsabiqələri və tədbirlərlə yanaşı, Dənizkənarı Milli Parkda misli görünməmiş şoular təşkil olunacaq. Belə ki, “TEKNOFEST Azərbaycan” hər bir ziyarətçidə olduqca xoş təəssürat və bayram ovqatı yaradacaq. Hər kəs öz ailəsi, hətta azyaşlı övladları ilə birgə Dənizkənarı Milli Parkda maraqlı vaxt keçirə biləcək. Biz ən balaca uşaqları belə nəzərə almışıq, belə ki, Milli Parkda böyük aerokosmos mövzusuna uyğun tərtib olunmuş “Kids zone” təşkil olunacaq. Balaca ziyarətçilərimiz orada özlərini uzaq planetlərə səyahət etmiş kimi hiss edə biləcəklər. Onlar virtual olaraq Aya və Marsa raketlə yola düşə biləcəklər. Gün ərzində onları sevimli nağıl və cizgi filmlərinin tanınmış qəhrəmanları, robotlar və transformerlər əyləndirəcək.
- Gün ərzində festivalın davam etmə müddəti neçə saat nəzərdə tutulub?
Festival 4 gün ərzində, hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Saat 18:00-dan 20:00-dək isə Azərbaycan və Türkiyənin tanınmış DJ və müğənniləri qonaqlar üçün ən gözəl mahnıları ifa edəcəklər. Saat 21:00-da isə festival Azərbaycanın tanınmış və sevimli bəstəkarlarının musiqilərinin müşayiəti və ən müasir lazer şou təqdimatı ilə sona çatacaq. Bundan başqa, gün ərzində festivalın ziyarətçilərini və qonaqları başqa əyləncələr də gözləyir.
Məsələn, “Wind tunnel” – “Külək tuneli” adlı əyləncədən danışmaq istərdim. Həyatda elə bir insana rast gəlmək olmaz ki, o, həyatında bircə dəfə də olsun uçmaq arzusunda olmasın. “Külək tuneli” bu işin öhdəsindən gələrək ziyarətçilərə unudulmaz anlar yaşadacaq. Bundan başqa, dünyada tanınmış “Kuka Robot Arm Robocaster” – “Robot qolu”, 720 dərəcə uçuş simulyatorları da əyləncə zonasında yer alacaq. Gündə iki dəfə olmaqla, reaktiv kostyumla havada və suda uçuş (Flyboard Show) şouları nümayiş olunacaq. Gecə vaxtları həm də “Led Light Jacket” işıq saçan kostyumlu nağaraçıların paradı keçiriləcək.
- Bakı səmasını bəzəyən aviaşoular haqqında nə deyə bilərsiniz?
Düzgün vurğuladınız. “TEKNOFEST” çərçivəsində Bakı səması da ziyarətçilər və paytaxtımızın qonaqları üçün xüsusi təqdimata hazır olacaq. İnanıram ki, Azərbaycan və Türkiyə pilotlarının möhtəşəm aviaşouları hər kəsə həm iftixar, həm də qürur hissləri yaşadacaq. 10 komandadan çox “Solo Turk”, “Turk Yıldızları”, “Hürküş” və Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri yüksək peşəkarlıqla performanslar nümayiş etdirəcəklər.
Qeyd edim ki, Azərbaycan və Türkiyə pilotlarının təqdimatında baş tutacaq genişmiqyaslı aviaşou üzrə artıq aktiv hazırlıqlara başlanılıb. Həmçinin Bakı səmasında “Solo Türk F16”, “Türk Yıldızları F5”, helikopter 139, “СУ-25” və “MI-24” hava nəqliyyatının uçuşları da gözlənilir. Festival çərçivəsində baş tutacaq bu şou 4 gün ərzində (gündə 2 dəfə nümayiş şərti ilə) keçiriləcək.
- Bildiyimiz qədər festivalda, həmçinin sərgi zonası da fəaliyyət göstərəcək...
Bəli, festivalda yaradılacaq sərgi zonası ziyarətçilərin böyük marağına səbəb olacaq. Burada dövlət qurumlarının, müxtəlif nazirliklər və kommersiya şirkətlərinin sərgi guşələri təşkil olunacaq. Sərgidə, həmçinin Türkiyə pavilyonu da fəaliyyət göstərəcək. Türkiyəni təmsil edən 55-dən çox şirkət, startaplar və universitetlər öz son innovativ layihələrini ziyarətçilərə və festival qonaqlarına təqdim edəcəklər.
Sərgidə, həmçinin Türkiyə və Azərbaycan Respublikasının Müdafiə Sənaye nazirlikləri, Azərbaycan Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də iştirak edəcək. Sərgidə, ən son PUA-lar, “Bayraktar”lar, milli istehsal olan “İtiqovan”lar, pilotsuz qırıcılar və ən son “Qızıl alma” adlı MİUS PUA nümayiş olunacaq.
Fürsətdən istifadə edib hər kəsi bizimlə birgə bu festivalda iştirak etməyə dəvət edirəm. İnanıram ki, “TEKNOFEST Azərbaycan” festivalı çox uzun müddət yaddaşlarda qalan ən sevimli tədbirlərdən biri olacaq. (Qafqazinfo)