Çoxlarımız il boyu yorulmadan çalışır və nəticədə, özümüzə vaxt ayıra bilmirik. Halbuki, ildə ən az bir dəfə özümüzə istirahət və vaxt ayırmalıyıq. Çünki məhz bu faktor bizim sonrakı iş enerjimizin artması və işimizin səmərəli, eləcə də effektiv nəticələnməsinin ən əsas elementlərindən biridir.
Belə ki, büdcəmizə gündə 2-3 azn qənaət etməklə ildə heç olmasa bir dəfə özümüzə vaxt ayırıb məkanı dəyişərək başqa yerdə və ya xaricdə dincələ bilərik.
Məsələn, il ərzində günə 2-3 manat qənaət etsək (yığsaq), ilin sonu qarşıdan gələn yeni ili özümüz üçün yaddaqalan edib xoş xatirələrlə xatırlaya bilərik. Necə? Fərz edək ki, günə 2-3 manat toplayırıq, o zaman bu məbləğ həftəyə 14-21 AZN, aya 56-84 AZN, ilə isə 672-1008 AZN demək olacaqdır.
İl ərzində topladığımız bu 600-1000 manat məbləği büdcəmizə uyğun gələn turları almaqla özümüzü sevindirə bilərik. Bu məbləğə ən çox uyğun gələn ekonom turlar Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, BƏƏ (Dubay) və hətta Avropa istiqamətlərinə təşkil edilən tur paketlərdir.
Həmin istiqamətlərə baş çəkməyin əsasən iki yolu vardır:
1. Tur agentliklərə müraciət: tur agentliklərdən tur paket almaq daha çox rahatlığa üstünlük verən insanlar üçündür. Çünki bu zaman turla bağlı bütün məsələlərin qeydinə artıq həmin agentliklər qalır, bütün məsuliyyəti də məhz onlar daşıyır və sizə sadəcə məbləği ödəyib uçuş tarixinizi gözləmək qalır. Əsas üstünlüyü isə vaxtınıza qənaət etməniz olacaqdır.
2. Fərdi planlaşdırma: Özünüz daha qənaətli bir şəkildə yuxarıda adıçəkilən istiqamətlərə turlar planlaşdıra bilərsiniz. Bunun üçün sadəcə ucuz bilet, qalacağınız yeri, münasib qiymətə başa gələn transferi tapmaq, bəzi istiqamətlər üzrə özünüzü sığortalamaq və viza məsələsini təşkil etmək lazım olacaqdır ki, bu işdə sizə internet axtarış sistemi kömək edəcəkdir. Bu proses sizə həm nisbətən ucuz başa gələcək, həm istədiyiniz yerə istədiyiniz şəkildə gedəcəksiniz, həm də özünüz araşdırma aparmaqla daha çox məlumat əldə etmiş olacaqsınız. Əsas üstünlüyü isə büdcənizə qənaət etməniz olacaqdır.
Fərdi planlaşdırma ilə bağlı aşağıda sizə yardımçı olacaq bir sıra məsləhətlər vermişik:
Seçiminizi BƏƏ (Dubay) üzərində saxlamış olsanız, o zaman ən yaxşısı tur agentliklərin təklif etdiyi münasib tur paketləri almaqdır.
Habelə, əgər Avropa istiqamətinə uçmağa qərar versəniz, Wizzair şirkətindən bilet alıb Budapeştədək uçub sonra Avropa daxili SBB, Eurail və s. kimi sürətli qatarlardan və ya Flixbus avtobuslarından istifadə etmək məsləhət görülür. Bu sizə daha ucuz və sərfəli başa gələcəkdir.
Sığorta, viza, transfer seçimi:
Sığorta: Sığorta üçün Bakıdakı sığorta agentliklərinə (onlayn və ya ofisə müraciət etməklə) və ya tur agentliklərə müraciət edə bilərsiniz. Qeyd edək ki, sığorta yalnız bəzi istiqamətlərə (məs.: Dubay və ya Avropa) məcburidir, yuxarıda adıçəkilən digər 4 istiqamətə isə (Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan) sığortanın olması elə də vacib deyildir və sadəcə sizin istəyinizə bağlıdır.
Viza: Viza üçün səfirliklərə müraciət edə bilərsiniz. Viza əsasən adıçəkilən istiqamətlərdən yalnız Avropa üçün nəzərdə tutulub, Dubaya vizanı tur agentliklər vasitəsilə də əldə edə bilərsiniz, yerdə qalan digər 4 istiqamətə isə viza tələb edilmir.
Transfer: Transfer məsələsini isə təyin edilən məntəqəyə çatdıqda ya UBER proqramı vasitəsilə, ya transfer şirkətlərinə qabaqcadan onlayn sifariş verməklə, ya da yerində taksi və ya yerli nəqliyyat tutmaqla həll edə bilərsiniz.
Qalacaq yer seçimi:
Mehmanxanalar, qonaq evləri, hostellər və ya evləri kirayə götürə bilərsiniz. Qısa müddətli icarə üçün aramızda ən çox tanınan və etibarlı booking.com saytıdır ki, siz də öz növbəsində bu bronlaşdırma saytına istinad edə bilərsiniz. Sutkalıq və ya uzun müddətli qalmaq qərarına gəlsəniz, o zaman əsasən www.homeaway.ru, www.airbnb.ru, www.zingat.com kimi saytlarda sizə faydalı məlumatları tapa bilərsiniz.
Nəqliyyat seçimi:
Məsələn, Gürcüstan (Tiflis), Rusiya (Moskva), Ukrayna (Xarkov), Türkiyə (İstanbul) istiqamətlərinə səyahət etmək üçün bir neçə nəqliyyat növündən istifadə edə bilərsiniz. Ən ucuz başa gələcək nəqliyyat avtomobillə səyahət etməkdir.
İkinci yerdə avtobuslar durur. Həmin avtobuslar Bakı Beynəlxalq Avtovağzalından yola düşür. Bakı-Tiflis istiqamətində hər gün saat 21:00 və 23:00-da, Bakı-İstanbul istiqamətində saat 12:00-də, Bakı-Moskva istiqamətində hər həftənin 3 və 6-cı günləri olmaqla həftədə iki dəfə yola düşür. Biletlərin qiyməti isə Bakı-Tiflis istiqamətində 12 AZN (baqaj qiyməti +1.20 azn), Bakı-Moskva istiqamətində 100 AZN (baqaj qiyməti +10 azn), Bakı-İstanbul istiqamətində 100 AZN (baqaj qiyməti +10 AZN) təşkil edir. Avtobus biletləri barədə daha ətraflı məlumat üçün www.bbak.az saytına daxil ola bilərsiniz.
Üçüncü yerdə qatarlardır. Bakı-Tiflis-Bakı istiqamətində hər gün hərəkət edən qatarlar Bakıdan saat 20:30-da yola düşür. Qiyməti isə vaqonların sinfindən asılı olaraq 12-16 manat arasında dəyişir. Bakı-Moskva istiqamətində yalnız həftənin 4-cü günü hərəkət edən qatarlar isə saat 1:15-də Bakıdan yola düşür. Bakı-Xarkov istiqamətində isə saat 22:30-da yola düşür. Biletlərin qiymətini və tarixləri ADY ofisindən dəqiqləşdirə bilərsiniz. Qatar biletləri barədə daha təffərrüatlı məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.
Dördüncü yerdə isə təyyarələrdir. Təyyarələrin yuxarıda adıçəkilən digər üç nəqliyyat vasitəsindən əsas üstünlüyü vaxta qənaət etməkdir. Digər üçü büdcəyə qənaət prinsipi əsasında işləsələr də vaxt baxımından təyyarədən geri qalmış olurlar. Təyyarələr isə tez bir zamanda sərnişinləri məkanına çatdırırlar. Aviabiletlərinin qiyməti bilet sinfindən asılı olaraq dəyişir və ekonom büdcə biletlərinin qiyməti Bakı-Tiflis-Bakı istiqamətində təxminən 264 manat və yuxarı, Bakı-Moskva-Bakı istiqamətində təxminən 280 manat və yuxarı, Bakı-Xarkov-Bakı istiqamətində təxminən 340 manat və yuxarı təşkil edir. Bakı-İstanbul-Bakı istiqamətində isə 344 manatdan başlayan qiymətlərlədir, buna görə də tur agentliklərin endirimli qiymətlərlə təklif etdiyi biletləri almaq daha sərfəlidir. Biletlərin qiyməti ilə bağlı www.azal.az, www.pobeda.aero, www.flyuia.com və s. saytlara daxil ola və ya Azərbaycanda fəaliyyət göstərən tur agentliklərə müraciət edə bilərsiniz.
Fed.az redaksiyası olaraq ümidvarıq ki, məqaləmiz sizin üçün faydalı olacaq və vaxtınızı daha səmərəli keçirə biləcəksiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.